KANAL24.AZ
Az Iw En Ru

Bakıda “Naxış-ını seç” adlı moda nümayişi keçirilib

Yanvarın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində “Naxış” atelyesinin ilk sərgisi və təqdimatı keçirilib.

Qonaqları atelyeyə məxsus geyimlərdə olan xanımlar qarşılayıblar.

Təqdimatdan əvvəl “Naxış” atelyesinin direktoru və dizayneri Səmra Axundova jurnalistlərə bildirib ki, kolleksiyada 22 paltar nümayiş olunacaq. Əsas məqsəd Azərbaycanın milli naxışlarını, ornamentlərini, dəyərlərini moda vasitəsilə göstərməkdir. 2016-cı ilin trendi olan naxışlar, əl işləri kolleksiyada əksini tapıb. O deyib: “Daha çox Şərq üslublu naxışlardan istifadə edirik. Geyimlər rəssamlarımızın əl işləri əsasında hazırlanır. Kolleksiya üzərində bir ilə yaxın iş gedib. Əl işi olduğuna görə bir paltarın hazırlanmasına 3-4 ay vaxt sərf edilib. Mart ayında Azərbaycanda moda həftəsi keçiriləcək. Biz orada iştirak edəcəyik. Qarşıdakı illərdə Avropaya üz tutmağı düşünürük. İstəyirik ki, Azərbaycanın dəst-xəttini xaricdə tanıdaq”.

Sonra “Naxış-ını seç” devizi altında keçirilən dəfilədə atelyenin bir-birindən zərif, fərdiliyi önə çəkən geyimlərindən ibarət yeni kolleksiyası nümayiş olunub. Sərgidə atelye, həmçinin 2016-cı ilin yaz-yay geyimlərini təqdim edib.

“Naxış” atelyesində bir nümunədə hazırlanan paltarlar təkrarolunmaz naxışlarla bəzədilir, rənglərin harmoniyası isə xanımların diqqətini xüsusilə cəlb edir. Geyimlərin tikildiyi parçalar Parisdən və Milandan gətirilir, naxışlar isə bir-bir əllə yığılır. Parçalar öz keyfiyyəti, orijinallığı ilə seçilir. Belə geyimlər dəb trendindən asılı olmayaraq öz naxışı ilə fərqlənmək üçün ən yaxşı seçimdir.

 

 

 

 

 


02:56 17.01.2016
Xəbər lenti
Bütün xəbərlər