KANAL24.AZ
Az Iw En Ru

Qarabağın tarixi və Azərbaycanımızın haqlı mübarizəsi

Qarabağ Azərbaycanın ən qədim tarixi bölgələrindən biri hesab olunur. Bu ərazi Kiçik Qafqaz dağları ilə Kür və Araz çayları arasındakı ərazini əhatə edir. "Qarabağ" "qara" və "bağ" türk-Azərbaycan sözlərinin birləşməsindən əmələ gəlmişdir ("qara" sözü türk dillərində, o cümlədən Azərbaycan dilində, rəng bildirməklə yanaşı, "böyük", "qalın", "sıx" mənasında da işlənir).

Bəzi mənbələrdə Qarabağın dağlıq hissəsi "Arsax" adlandırılır. "Arsax" sözü də Qarabağın qədim türk etnoslarından biri olan saklarla bağlıdır. "Arsax" "ər" və "sak" sözlərinin birləşməsi kimi də izah olunur.

Hələ antik (e.ə. IV əsr) və erkən orta əsrlər dövründə (bizim eranın VII əsri) Qarabağ Azərbaycan Albaniya dövlətinin mühüm vilayətlərindən biri idi. Qarabağ ərazisinin əsas dövləti olan Albaniya dövləti (onlarda xristianlıq rəsmi dövlət dini idi) Ərəblər tərəfindən zəflədilərək 705 – ci ildə süquta uğradıldı. Beləliklə, Ərəblərin Azərbaycan üçün bu faciəvi siyasəti, Alban kilsəsinin mövqeyini Qarabağın dağlıq hissəsində xeyli zəiflətdi. Bundan istifadə edən erməni qriqorian kilsəsi Qarabağın dağlıq hissəsində dini üstünlük əldə etdi. Beləliklə, Qarabağın dağlıq hissəsində xristian albanlar qriqorianlaşdılar, daha sonra onlarda erməniləşmə prosesi başlamış oldu.

Əfşarlar imperiyasının süqutundan sonra (1747), yaradıcısı Pənahəli xan olan (1747 – 1763), Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutmuş Qarabağ xanlığı yaradıldı. Sonralar Pənah xanın fəaliyyətini oğlu İbrahimxəlil xan (1763-1806) davam etdirdi. İbrahimxəlil xan seperatçı məlikliklərə qarşı qətiyyətlə mübarizə apararaq onların fəaliyyətlərini boşa çıxartdı.

XVIII əsrin axırları, XIX əsrin əvvəllərində Rusiya imperiyası Cənubi Qafqaza dair işğalçılıq planlarını həyata keçirmək üçün əlverişli fürsətin ələ düşdüyünü görüb 1801 – ci ildə Gürcüstanı öz imperiyasına qatdı. Bunun ardınca Car-Balakəni, 1804-cü ildə Gəncə xanlığını işğal etdilər. Özləri üçün daha əlverişli tarixi şəraitdən istifadə edən Ruslar 1805-ci il 14 mayda Qarabağ xanı İbrahimxəlil xanı Kürəkçay müqaviləsini imzalamağa məcbur etdilər. Bununla da xanlıq ruslar tərəfindən ilhaq ediliş oldu. Bununla da Qarabağın Ruslar tərəfindən erməniləşməsi sürətlə davam etdirilirdi. 1828-1830-cu illər arasında Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 40 min, Osmanlı Türkiyəsindən isə 90 min erməni ailəsi köçürülmüşdü.

XIX əsrin 90-cı illərində ermənilər havadarlarının təhriki ilə Osmanlı dövlətində mərkəzi hakimiyyətə qarşı başladıqları təcavüzkar-separatçılıq çıxışları uğursuzluğa düçar olduqdan sonra bu təcavüzkar-separatçılıq Şimali Azərbaycana keçirildi. Ermənilər 1905-ci ildə yerli azərbaycanlılara qarşı tarixə "erməni-müsəlman davası" adı ilə daxil olan dəhşətli soyqırımı törətdilər. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti Qarabağda daha faciəli şəkil aldı.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Qarabağın da tarixində mühüm hadisə oldu. Xalq Cümhuriyyəti Qarabağın bütün tarixi ərazisini respublikanın ayrılmaz tərkib hissəsi elan etdi. Buna baxmayaraq Tiflisdə elan edilmiş Ermənistan Daşnaq Respublikası Qarabağa əsassız iddia irəli sürürdü. Vətən axtarışında olan erməni-daşnak millətçiləri İrəvan quberniyasını, Zəngəzuru, Naxçıvanı və Qarabağı yerli Azərbaycanlı əhalidən təmizləməklə bu bölgələri də bütünlüklə Ermənistan ərazilərinə çevirməyə çalışırdılar.

Yarandığı gündən 23 ay sonra, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti sovet Rusiyasının birbaşa iştirakı ilə süquta uğradıldı. 1920-ci il may ayının birinci yarısında Şuşa, Cəbrayıl, Cavanşir qəzalarında sovet hakimiyyəti quruldu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra, bolşevik Rusiyasının bilavasitə köməyi və iştirakı ilə Zəngəzurun böyük bir hissəsi ermənilərə verildi, nəticədə, Naxçıvanla Azərbaycanın digər torpaqları bir-birindən ayrı salındı. 1923-cü il iyulun 7-də Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması ilə gələcək üçün yeni erməni separatçılığının əsası qoyuldu.

Sovet hakimiyyəti illərində Ermənistan rəhbərliyi dəfələrlə mərkəzi hakimiyyət nümayəndələri qarşısında Dağlıq Qarabağın Azərbaycandan qoparılması barəsində məsələ qaldırdılar və bu məsələnin onların xeyrinə həlli üçün havadarlar da tapdılar. Lakin hər dəfə Azərbaycan rəhbərliyinin müdaxiləsindən sonra Ermənistan rəhbərliyini qanunsuz təklifləri rədd edildi.

1985-ci ildə Mixayil Qorbaçovun Sovet İttifaqında hakimiyyətin başına gəlməsi ilə Ermənistan hökuməti, bütünlükdə dünya erməniliyi və onların havadarları Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün əlverişli imkan əldə etmiş oldular. Nəticədə elə 1987-ci ilin sonlarından və 1988-ci ilin əvvəllərindən Azərbaycana və azərbaycanlılara qarşı erməni silahlı təcavüzləri vüsət almağa başladı.

I Qarabağ müharibəsi: Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamenti 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək haqqında qərarı verdikdən sonra tərəflər arasında etnik qruplararası qarşıdurmalar başlamışdı. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur. Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər. Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur.

Münaqişə nəticəsində Ermənistan və Qarabağdan 800.000-dən çox azərbaycanlı məcburi köçkün olmuşdur.
1988-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında on iki mindən artıq hərbiçi, üç min mülkü şəxs şəhid olmuşdirlar.

1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb.

Tarixə “Bişkek protokolu” adı ilə düşən, Rusiya, Ermənistan, Azərbaycan və Qırğızıstan nümayəndələri tərəfindən 1994-cü il 5 – 8 may tarixlərində imzalanmış bəyanatda Azərbaycan tərəfindən 8 may 1994-cü ildə Ali Sovetin sədri Rəsul Quliyev imza atmışdır. Sənəd 12 may 1994-cü ildən qüvvəyə minmişdir. Elə həmin gündən cəbhə xəttində aktiv hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılmışdır.

Aprel döyüşləri: Bu döyüşlər 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədir. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmişdir. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəzliliyi təmin olunmuşdur.

Tovuz döyüşləri: Bu döyüşlər — 2020-ci il 12 iyul tarixindən Ermənistan —Azərbaycan dövlət sərhədinin ErmənistanınTavuş və Azərbaycanın Tovuz rayonu əraziləri boyunca başlamışdır. İyulun 12-si günorta saatlarından etibarən Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutmuşlar. Döyüşlər Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. 14 iyul gedən atışmalarda general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid oldular.

II Qarabağ müharibəsi: “Dəmir yumruq” adlı əməliyyat Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurmadır. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökümətinin idarəetməsi altında yaradılan Qondarma “Dağlıq Qarabağ Respublikası” ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.

Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdirlər. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki vətəndaşlarını hədəfə alan terror aktlarını davam etdirməsi nəticəsində atəşkəs yenidən pozulmuşdur.

Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı işğaldan azad edilmişdir.

8 noyabrda Şuşa şəhəri 28 il həsrətdən sonra, tam şəkildə Azərbaycan ordusunun nəzarətinə keçdi. Noyabrın 10-u 2020-ci il tarixdə Moskvada döyüşlərin dayandırılması haqqında bəyanat imzalandı.

Əlizadə Bacıxanım
İmişli rayonu Cəfərli kənd 1 saylı tam orta məktbin təlim-tərbiyə işləri üzrə direktor müavini


17:10 24.09.2021
Xəbər lenti
Bütün xəbərlər