KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Dövləti hər zaman sülhün, təhlükəsizliyin, qarşılıqlı əməkdaşlığın tərəfdarı olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə videoformatda keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə Prezident İlham Əliyev regionun gələcəyi üçün son dərəcə ciddi məqamlara toxundu. Prezident İlham Əliyev vurğuladı ki, iqtisadi inkişaf üçün sabitlik şərtidir. Qafqazda yeni formatda əməkdaşlıq üçün, ilk növbədə, dövlətlərin sərhədində və daxilində sabitlik olmalıdır. Bu gün regionda yaranan yeni əməkdaşlıqlar dövlətimizin böyük uğurudur. Üçtərəfli əməkdaşlıq formatları regional sabitliyə misilsiz töhfədir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi yeni reallıqlar yaratmaqla yanaşı, həm də bu Cənubi Qafqaz regionunun tarixində yeni bir səhifə və imkanlar açdı. Təbii ki, bu imkanlardan yararlanmaq üçün Ermənistanın işğalçı siyasətinə son qoyaraq, beynəlxalq əməkdaşlığa qoşulması vacibdir. Əks halda, bu ölkə bundan sonra da bütün regional layihələrdən kənarda qalacaq.

Dövlətimiz hər zaman sülhün, təhlükəsizliyin, qarşılıqlı əməkdaşlığın tərəfdarı olub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrində çıxışı zamanı Azərbaycan Prezidentinin səsləndiriyi fikirlər, verdiyi mesajlar bunu bir daha təsdiq etdi.

Vurğulanıb ki, Azərbaycan hər zaman bütün məsələlərdə konstruktiv mövqe sərgiləyib və beynəlxalq hüququn tərəfdarı olub. Müharibə zamanı çatdığımız hədəflər, əslində, illər boyu aparılmış danışıqlar, ilkin razılaşmalar, 2009-cu ildə razılaşdırılmış baza prinsipləri ilə uzlaşır. Tarixi Qələbəmizlə bitən müharibədən ötən 6 ayda Azərbaycan dövləti göstərdi ki, ölkəmiz ümumi gələcək naminə konstruktiv addımlar atmağa hazırdır, lakin Ermənistan tərəfi hər zaman buna mane olmağa çalışıb.

Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş yeni qaz kəmərləri Azərbaycan qazını dünya və Avropa bazarlarına çıxarır. Qafqazda Azərbaycanın böyük qaz hasilatçısına çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna uyğun olaraq regionda daha irimiqyaslı layihələri reallaşdırmağa imkan verir. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaq. Bir sözlə, Azərbaycanın Cənubi Qafqazdakı yeni əməkdaşlıq siyasəti ölkəmiz, xalqımız və region üçün böyük faydalar verir.

 

Zərifə Abbasova,

Sabirabad rayonu Ağammədli kənd uşaq bağçasının müdiri

 


18:16 26.05.2021
Xəbər lenti
Bütün xəbərlər