KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir

Hərtərəfli inkişaf, etibarlı və vacib tərəfdaş statusu, dünya üçün əhəmiyyətli və bir o
qədər də strateji layihələri Azərbaycanın beynəlxalq imkanlarının genişlənməsində mühüm rol
oynayır. Ölkəmizlə əlaqələr quran dövlətlər hər zaman bu münasibətlərdən məmnunluqla
danışıblar. Odur ki, Azərbaycanla əməkdaşlığa üstünlük verən, özünün strateji tərəfdaşı
hesab edən dövlətlərin sayı artmaqdadır. Son dövrlər Balkan ölkələri, xüsusilə də
Bolqarıstanla Azərbaycanın münasibətlərində yüksək dinamizm müşahidə olunur. Bildiyimiz
kimi, bu ölkə ilə əlaqələrimiz qarşılıqlı hörmət və etimada əsaslanaraq siyasi, iqtisadi, enerji,
mədəni və digər sahələri əhatə etməklə sürətlə inkişaf edir.
Sofiyanın uzun illər davam etmiş Qarabağ münaqişəsi dönəmində obyektiv mövqeyini
xüsusi olaraq xatırladıb. Bu ölkə ardıcıl olaraq ədalətli yanaşma sərgilədi, münaqişənin ərazi
bütövlüyü çərçivəsində həll olunması prinsipindən çıxış etdi. Bu, təbii ki, həmin dövr üçün
Azərbaycanın haqq işinə böyük dəstək idi. Eləcə də Şərqi Zəngəzur və Qarabağ işğaldan
azad edildikdən sonra Bolqarıstanın Ayrı-seçkiliyə Qarşı Müdafiə Komissiyasının sədri Ana
Cumalıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Ağdam şəhərində oldu və orada törədilən
vandalizm aktlarını birbaşa öz gözləri ilə gördülər. Ümumiyyətlə, iki ölkənin dostluğuna böyük
təkan verən amil dövlət başçıları səviyyəsində təşkil olunan səfərlərdir. Səfərlər çərçivəsində
keçirilən görüşlər, aparılan səmimi dialoq münasibətlərimizi indiki səviyyəyə çatmasına geniş
zəmin yaradıb. Xüsusilə 2015-ci ilin mart ayında Prezident İlham Əliyevin Bolqarıstana baş
tutan rəsmi səfəri və imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə
əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Eləcə də dost ölkənin Prezidenti Rumen Radevin
2017-ci ildə Azərbaycana səfəri əlaqələrimizin inkişafında əhəmiyyətli rola malik olub”.
Sözsüz ki, enerji sahəsi ölkələrimiz arasında tərəfdaşlığın özəyini təşkil edir. Azərbaycan
hazırda Bolqarıstanın enerji təhlükəsizliyində böyük rola malikdir. 2023-cü ildə 1 milyard 250
milyon kubmetr Azərbaycan qazı bu ölkəyə nəql olunub. Bu il isə bunun 1,5 milyard kubmetr
təşkil edəcəyi proqnozlaşdırılır. Təbii ki, bu da yüksək göstəricidir. İnanırıq ki, Bolqarıstan
Prezidenti cənab Rumen Radevin ölkəmizə budəfəki səfərinin də nəticələri uğurlu olacaq,
ikitərəfli əməkdaşlığı yeni sahələr üzrə daha da genişləndirəcək. Strateji tərəfdaşlığın
gücləndirilməsi, texnoloji innovasiya və digər sahələrə aid sənədlərin imzalanması bu qənaətə
gəlməyə əsas verir.
Azərbaycan və Bolqarıstan prezidentlərinin mətbuata bəyanatlarla çıxışları zamanı
dövlətimizin başçısı cənab İlham Əliyev yaşıl enerji sahəsindən də bəhs etdi. Həmçinin
Prezident Rumen Radev də Azərbaycanın yaşıl enerji layihələrinin perspektivinə toxundu.
Qürurvericidir ki, Azərbaycan yaxın gələcəkdə həm də yaşıl enerji təchizatçısı olaraq da
tanınacaq və dünya üçün nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha sübut edəcək. Təbii ki,
bütün bunlar Prezident İlham Əliyevin effektli enerji siyasətinin, uğurlu təşəbbüskarlığının
nəticələridir.
Faiq Hüseynov,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin
sədri


20:59 09.05.2024
Xəbər lenti
Bütün xəbərlər