Sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında iştirak edən dövlətimizin başçısı
İlham Əliyev çıxışında bir sıra məqamlara xüsusi diqqət yönlətdi. Ölkə Prezidenti proqram
xarakterli nitqində hazırkı dövrə kimi əldə edilmiş nəticələri təhlil etdi və qiymətləndirdi,
ölkəmizin və xalqımızın qarşısında duran əsas vəzifələri açıqladı və əsaslandırdı. Yeni
formalaşan parlamentə uğurlar arzulayan ölkə Prezidenti qanunverici orqanın qarşısında
dayanan vəzifələri də açıqladı və belə bir əminliyi ifadə etdi ki, Milli Məclis və onun deputatları
öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın
dayanıqlı inkişafı təmin ediləcəkdir.
Ölkə başçısı öz çıxışında xüsusi olaraq verğuladı ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas
istiqamətimizdir. “Biz heç vaxt heç kimə qarşı heç bir iş görməmişdik, heç kimin işinə
qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu
etməsinlər”, - deyən dövlətimizin başçısı belə cəhdlər olduğunu və olacağını bildirib.
Bildirdi ki, onların heç bir əhəmiyyəti yoxdur, ancaq bizim xarici siyasət istiqamətində bu
amil təbii olaraq həmişə nəzərə alınacaq. Bizimlə ikitərəfli formatda qarşılıqlı hörmət əsasında
kim əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir
ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da bizi əsassız olaraq ittiham edəcək, ya da hansısa
vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu,
səhv təsəvvürdür, bu, olmayacaq.
Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, bizə qarşı ideoloji təxribatlar davam
edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında
xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök
salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir. “Bizə qarşı aparılan çirkin
oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, media
məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir -
bizim dostumuz kimdir, düşmənimiz kimdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkəmizə qarşı edilən bu kimi cəhdlərin qarşıya daim qətiyyətlə alınır. Ən əsası
Azərbaycanın hücum diplomatiyasını uğurla davam etdirməsi ölkəmizə qarşı aparılan ideoloji
mübarizənin qarşısını almağa geniş imkanlar yaradır. Azərbaycan yeni inkişaf dövrünü yaşayır.
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında duran
bəzi vəzifələri açıqladı. Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki,
İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər,
yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni
zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir.
Ölkə başçısı bu çağırışı etdi ki, yerli hərbi sənaye kompleksimizi daha sürətlə inkişaf
etdirməliyik. Bu il bu məqsədlə böyük vəsait ayrılmışdır və gələn il də ayrılacaq. Bütün hərbi
zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat
istehsal olunur. Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik
müstəviyə keçib. Növbəti bir-iki il ərzində hərbi sənaye kompleksimiz daha böyük olacaq. Yerli
hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir.
Xarici mənbələrdən daha az asılı olmalıyıq. Bu asılılığı tam aradan qaldırmaq mümkün
olmayacaq. Bunu da biz bilməliyik. Amma maksimum dərəcədə özümüzü yerli istehsalla təmin
etməliyik.
Beləliklə Azərbycanın qazandığı uğurların qısa təhlili belə nəticəyə gəlməyə əsas verir ki,
əldə edilənlər gələcəyə daha böyük inamla addımlamağa yardımçı olacaq. Prezidentin də qeyd
etdiyi kimi bu uğurlarla kifayətlənməyib daim irəli addımlamalıyıq və gələcəkdə qarşımızda bir
çox digər vəzifələr durur.
Vüqar Hüseynov,
Sabirabad rayon Su Kanal sahəsinin müdiri