KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Türk Dövlətləri Təşkilatının iştirakçı ölkələri ilə möhkəm dostluq və qardaşlıq əlaqələrinə malikdir

İyulun 6-da Şuşa daha bir mötəbər tədbirə ev sahibliyi edib. Bu dəfə Türk dünyasının
nəbzi Qarabağın incisi olan Şuşada döyünüb. Söhbət Türk Dövlətləri Təşkilatının Dövlət
başçılarının qeyri-rəsmi Zirvə görüşündən gedir. Qeyd edək ki, qeyri-rəsmi Zirvə görüşünün
keçirilməsi dövlət başçısının şəxsi təşəbbüsüdür. Zirvə görüşündə Azərbaycan Prezidenti
İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov,
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə
Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti
Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.  
Qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub.
Şuşadakı görüşlərdə TDT-nin dövlət başçıları Azərbaycanın bir sıra beynəlxalq layihələrlə
bağlı səylərini yüksək qiymətləndiriblər.  Bu, “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə
görüşünün Qarabağ Bəyannaməsi”ndə əksini tapıb.
Bəyannamədə qeyd edilir ki, dövlət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
modernləşdirilməsini, bu yol boyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin
sürətləndirilməsi ilə bağlı Azərbaycanın, Gürcüstanın və Türkiyənin üçtərəfli səylərini
qiymətləndirirlər. Həmçinin bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın
inkişafı da daxil olmaqla türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlığın
əhəmiyyətini vurğulayır və Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı
əlaqələndirilməsi layihəsində (Yaşıl dəhliz) son inkişafları alqışlayırlar. Bu Bəyannamə
ümumilikdə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.
Azərbaycan Türk Dövlətləri Təşkilatının iştirakçı ölkələri ilə möhkəm dostluq və
qardaşlıq əlaqələrinə malikdir. Müstəqilliyin ilk illərində Mərkəzi Asiya dövlətləri bəzi
səbəblərdən bu strukturun iştirakçısı kimi Azərbaycana gəlməyə çəkinsələr belə, artıq bu gün
həmin ölkələrin dövlət başçıları azad edilmiş torpaqlara səfərlər təşkil edir, hətta buranın
dirçəlməsinə öz töhfələrini verməyə çalışırlar. Böyük Qayıdış Proqramının icrasına dəstək
olaraq Özbəkistan və Qazaxıstan tərəfindən Füzulidə məktəb və yaradıcılq mərkəzləri,
Qırğızıstan Respublikası tərəfindən Ağdamda məktəb, Cəbrayıl rayonunun yaşayış
məntəqələrindən birində isə Macarıstanın maliyyə dəstəyilə məktəb inşa ediləcək. Göstərilən
bu təşəbbüslər türk birliyinin, qardaşlıq həmrəyliyinin təzahürüdür.
Türk dünyasının birləşməsində mühüm rol oynayan amillərdən biri də nəqliyyat
əlaqələrinin qurulması və genişləndirilməsidir. Yeni çağırışlar fonunda əhəmiyyəti hər ötən
gün artan Orta Dəhlizin fəaliyyətində Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə
səy göstərir. Azərbaycan da öz növbəsində Orta Dəhlizin inkişafı üçün önəmli işlər həyata
keçirir. 
Kamran Mirzəyev,
Sabirabad bələdiyyəsinin sədri


10:53 09.07.2024