6 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının təşəbbüsü ilə Şuşada Türk
Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi, görüşün
yekununa dair Bəyannamənin imzalanması türk dünyasının ürəyinin Qarabağla döyündüyünü
nümayiş etdirdi. Prezident İlham Əliyevin həmin Zirvə görüşündəki çıxışı Azərbaycan xalqının
növbəti nailiyyəti olmaqla, istəyimizi və gələcəyə baxışımızı bir daha özündə ehtiva etdi.
Zirvə görüşünün Qarabağın tacı, Azərbaycanın və regionun mədəni, ictimai-siyasi
həyatının mühüm mərkəzlərindən biri hesab olunan Şuşa şəhərində keçirilməsi əlbəttə ki,
təsadüfi deyildi. Belə ki, tolerant və multikuıtiral Azərbaycanın rəmzinə çevrilən Şuşa 2021-ci
ildə “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuşdur. 2022-ci ildə Şuşanın təməlinin
qoyulmasının 270-ci ildönümü ilə əlaqədar həmin il Azərbaycanda “Şuşa İli” elan edilmişdir.
TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”,
ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan
olunmuşdur. Eyni zamanda Azərbaycan və bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb
edən Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz əyilməz ruhumuzun rəmzi olan Şuşa
şəhərində imzalanmışdı.
Prezident İlham Əliyevin türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənə
və dəyərlərə söykənən ailə olduğuna yönəlmiş dolğun və məzmunlu çıxışı regional
təhlükəsizlik, sabitliyin əldə olunmasında türk dövlətlərinin əhəmiyyətini bir daha ortaya
qoydu.
Dövlət başçısının “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır” sözləri, Onun
uzaqgörən və hədəfli yanaşması qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın türkdilli
dövlətlərin daha da möhkəmlənməsi, təşkilatlanması, eləcə də qarşılarına qoyduğu bütün
hədəflərə nail olunmasında ən əsas yol olduğunu göstərməsindən ibarət idi.
Prezident İlham Əliyev çıxışı zamanı türk dövlətləri ilə Azərbaycanın dostluq və
qardaşlıq münasibətlərinin, eləcə də əməkdaşlığının müsbət dinamika ilə inkişaf etdiyini
diqqətə çatdırdı, eləcə də artan əmtəə dövriyyəsinin həcminə xüsusi toxunaraq, görülən
işlərin bütün ölkələrin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirdi.
Cari ildə isə Azərbaycan özünün, o cümlədən türk dünyasının növbəti uğuruna imza
atacaq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası – COP29-a ev sahibliyi edəcəkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi,
“Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə
edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi,
konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək.”
Bu istiqamətdə sözsüz ki, həm türk dünyası çərçivəsində, həm də qlobal miqyasda
beynəlxalq həmrəyliyin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bu baxımdan, beş
dövlət başçısı tərəfindən imzalanan, özündə 31 bəndi əks etdirən “Türk Dövlətləri Təşkilatının
qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” türk dünyasının həmrəyliyini daha da
möhkəmləndirməklə yanaşı, türk dövlətlərinin COP29-un işində yüksək səviyyədə iştirak
edərək, qlobal çağırışların müzakirələrində türk baxışını ortaya qoymaları üçün imkan
yaradacaqdır.
Faiq Fərəcov,
Sabirabad RİHB aparatı Memarlıq və tikinti şöbəsinin müdir əvəzi