Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın
xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata
keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmiz bir sıra beynəlxalq
qurumlarla, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin dərinləşməsinə
xüsusi önəm verir. İyulun 4-də Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının
Zirvə toplantısına dəvət olunması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının
göstəricisidir.
Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik
və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti
beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin
möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlətimizin başçısının inkişaf
strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticəsində nail olunub.
Dünyanın 16 ölkəsinin dövlət və hökumət başçısının qatıldığı “ŞƏT+” formatlı
Astana Sammitində düzənlənən növbəti zirvə görüşünə Asiya “nəhəng”ləri ilə yanaşı,
BMT-nin Baş katibinin şəxsən təşrif buyurması Qərb və Şərq adlandıra biləcəyimiz güc
mərkəzləri arasında gedən qlobal mübarizənin virtual mənzərəsinin əyani nümunəsi idi.
Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində Çin, Rusiya, Türkiyə, Pakistan və
Qazaxıstan dövlət başçıları ilə keçirdiyi ikitərəfli görüşlərdə ölkələr arasında
münasibətlərin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Həmin görüşlərdə Çin
lideri Si Cinpin ilə aparılan müzakirələr ayrıca qeyd olunmalıdır. Astanada imzalanmış
“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın
qurulması haqqında Birgə Bəyannamə”nin ölkələrarası münasibətlərdə, regional və
qlobal təhlükəsizlik, terrorizm və separatizmə qarşı mübarizədə, iqtisadi, humanitar,
turizm sahələrində əməkdaşlığın genişləndirməsində xüsusi yerə malik olacağı
şübhəsizdir. Birmənalı şəkildə qeyd edə bilərik ki, Azərbaycan Asiya nəhəngləri ilə
bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələsinə qədəm
qoyur.
ŞƏT-in Astana Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev çıxışında daha çox tranzit, nəqliyyat-logistika məsələlərinə toxundu: “Bu
gün Azərbaycanın tranzit, nəqliyyat-logistika sahəsində böyük potensialı var. Son 20 il
ərzində 19 min kilometrdən çox avtomobil yolu, 1400 kilometrdən çox dəmiryolu xətti
çəkilib. Azərbaycanın hava donanmasında 18 təyyarə, 7 liman mövcuddur. Limanların
sayının 9-a çatdırılması nəzərdə tutulur”. Bu çərçivədə əsas hədəf Bakı Beynəlxalq
Dəniz Ticarət Limanının yükdaşıma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona
qədər artırmaqdır.
Bu layihələrdə mühüm halqa olmaq üçün zəruri infrastrukturu Azərbaycan özü
yaratdı. Bu kontekstdən yanaşanda Orta dəhlizin tərkib hissəsi olan Bakı–Tbilisi–Qars
dəmir yolunun Azərbaycan sərmayəsi ilə inşa edildiyini xatırlatmaq kifayətdir. Bakıya
xüsusi diqqətin artması həm də planetin ən böyük ekoloji forumunun – COP29-un
ölkəmizdə keçirilməsi ilə bağlıdır. Azərbaycanın COP29-a evsahibliyi etməsi onun
qlobal səviyyədə siyasət apardığının, nüfuzlu beynəlxalq aktora çevrildiyinin
göstəricisidir.
Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüş
dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyətə malik olacaq. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bu baxımdan mühüm əhəmiyyət
daşıyır.
Anar Xəlilov,
Sabirabad RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş
şöbəsinin baş məsləhətçisi