KANAL24.AZ
Az Iw En Ru

Bakı Ali Neft Məktəbi 3 beynəlxalq sertifikatına sahib oldu

Bakı Ali Neft Məktəbi Türk Standartları İnstitutunun (TSİ) auditorlarının apardığı beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirlərinin nəticəsi olaraq ISO-nun üç istiqaməti üzrə - ISO 9001 “Keyfiyyət idarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” beynəlxalq sertifikatlara sahib olub. 

 

Sertifikatların təqdimetmə mərasimində SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Türkiyə Standartları İnstitutunun Baş katibinin müavini  Coşqun Şəntürk, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi, BANM-in rəhbərliyi və  professor-müəllim heyəti iştirak ediblər.  BANM-in rektoru Elmar Qasımov deyib ki,  Bakı Ali Neft Məktəbinin əsas missiyası milli qanunvericiliyə uyğun olaraq, vətənpərvərlik və dövlətçilik prinsiplərinə əsaslanaraq, dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirməkdir. O bildirib ki, BANM-in fəaliyyətində sağlamlıq, əməyin mühafizəsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi ilə yüksək keyfiyyət göstəricilərinə nail olmaq istiqamətində bütün tədbirlər görülməkdədir. 

Sonda Bakı Ali Neft Məktəbinə beynəlxalq standartların üç istiqaməti üzrə uyğunluq sertifikatlarının təqdimetmə mərasimi baş tutub.

Qeyd edək ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti -  ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikatlara sahib oldu. Bu sertifikatlar Ali Məktəbin müəllimlərinə, tədqiqatçılarına beynəlxalq layihələrdə iştirak etmək imkanı verəcək. 


18:53 16.04.2015