KANAL24 ONLINE TV

Türkiyə parlamenti Minsk qrupunu tənqid etdi: Ən qısa zamanda nəticələr əldə olunmasını tələb edirik

Türkiyə parlamentində Xocalı soyqırımı ilə əlaqədar görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri ilə görüşüb. Görüşdə Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dair məsələlər geniş müzakirə olunub.

Azərbaycan diaspor təşkilatlarının təmsilçilərini Türkiyə parlamentində görməkdən məmnunluq ifadə edən Necdet Ünüvar Türkiyə-Azərbaycan dostluğundan danışıb. Sonra Xocalı soyqırımından bəhs edən parlamentlərarası dostluq qrupunun rəhbəri N.Ünüvar “Xocalı qətliamı bizim ortaq dərdimiz, qanayan yaramızdır” deyərək, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildirib. N.Ünüvar dünya ictimaiyyətinin, başda BMT olmaqla bütün beynəlxalq qurumları Xocalı soyqırımı və Azərbaycan torpaqlarının işğal altında qalması məsələsinə həssaslıq göstərməyə çağırıb: “Xocalı qətliamının 23-cü ildönümündə dünyanın Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün addımlar atmasını istəyirik”.

TBMM üzvü ATƏT-in Minsk qrupunun fəaliyyətini də tənqid edib: “Minsk qrupunun 20 ildən çoxdur keçirdiyi görüşlərin, yaydığı bəyanatların heç bir nəticəsi yoxdur. Türkiyə və Azərbaycan olaraq ən qısa zamanda nəticələr əldə olunmasını tələb edirik və bəyan etmək istəyirəm ki, biz hər zaman Azərbaycanın yanında olacağıq”.

TADEF rəhbəri Bilal Dündar isə TBMM-in sıx iş qrafikinə baxmayaraq, onları qəbul etdiyi üçün Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvara təşəkkür edib. Daha sonra B.Dündar iki ölkəni və iki xalqı bir-birinə bağlayan qardaşlıq münasibətlərindən danışıb. O, bu münasibətlərin daha da gücləndirilməsində öz töhfələrini verən təşkilatların fəaliyyətinə də toxunub. TADEF rəhbəri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində siyasətçilərlə yanaşı, qeyri-hökumət təşkilatlarının da öz fəaliyyətini gücləndirməsinin vacib olduğunu vurğulayıb. TBMM-in bu məsələyə yaxından maraq göstərdiyinə görə B.Dündar rəhbərlik etidiyi federasiyada birləşən təşkilatlar adından Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qurpunun rəhbəri Necdet Ünüvara minnətdarlığını bildirib.

Qeyd edək ki, görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi də iştirak edib.


14:07 27.02.2015