KANAL24.AZ
Az Iw En Ru

Neft 10 dollara düşəcək?

"The İndependent" yazır ki, ötən il rekord sayda neft və qaz şirkəti ziyana işləyib və ya müflis olub. Bu barədə yeni hesabat hazırlamış ətraf mühitçilər Birləşmiş Krallığı aşağı karbohidrogenli iqtisadiyyata hazır olmağa çağırıblar.Hesabatda deyilir ki, neft-qaz sektorunda işlərini itirəcək insanlar "atılmışlar icmasına" çevrilə bilərlər.

Moore Stephens hesabdarlıq firmasının apardığı araşdırma ötən il 16 neft və qaz şirkətinin müflis olduğunu aşkar edib. Halbuki 2012-ci ildə belə neft və qaz şirkətləri yox idi.Neft qiymətləri bir barrel üçün 120 dollardan 50 dollara endikdən sonra bu sektordakı kiçik şirkətlər rəqabətə tab gətirə bilməyiblər”-deyə Mur Stefens bildirir.

Bu araşdırmanı aparmış Ceremi Vilmont  deyib ki, neft qiymətlərinin düşməsi bir çox Britaniya şirkətlərini böhran həddinə gətirib. Ekspert deyib ki, son 15 ildə İraqdan tutmuş Folklend adalarına qədər hər yerdə axtarış və hasilatla məşğul olan Britaniya neft və qaz şirkətlərinin sayı sürətlə artıb.

"Əgər neft qiymətləri qalxmasa bu şirkətlərin bir çoxunu yaxın gələcəkdə müflislik gözləyir" – ekspert deyib. Hesabatda deyilir ki, Şimal dənizində neft hasilatı ilə məşğul olan şirkətlər daha böyük çətinliklərlə üzləşirlər.

“Greenpeace UK” təşkilatında çalışan professor Doug Parr xəbərdarlıq edib ki, mədən yanacağı sənayesinin yoxa çıxması "atılmış insanlardan ibarət böyük icmaların" yaranmasına gətirib çıxara bilər. Doktor Parr deyib ki, mədən yanacağının gələcəyi olmadığı indidən məlumdur. Alimin fikrincə, hökumət indidən bu sektorda çalışanlar barədə qayğı haqqında düşünməlidir.

Fransanın “Engie” enerji şirkətinin elmi-tədqiqat laboratoriyasının rəhbəri Tierri Lepercq bu yaxınlarda Bloomberg-ə deyib ki, bərpa olunan enerjinin artımı on ildən də az müddətdə neftin bir barrelinin qiymətini 10 dollardan da ucuz edəcək. "Hətta neftə tələbat 2025-ci ilədək qalxmaqda davam etsə də, onun qiyməti bir barrel çün 10 dollara düşə bilər" - alim deyib.

"The İndependent" yazır ki, dünyanın enerji istehsal edən ən iri özəl şirkəti “Engie” bərpa olunan enerjiyə investisiyalarını ildən-ilə artırır və eyni zamanda özünün kömür və mazutla işləyən istilik elektrik stansiyalarını satır. Şirkətin bu yaxınlarda apardığı araşdırma göstərib ki, əhalisi 5 milyon nəfər olan Provans-Alp-Kot-d'Azur regionu 100 faiz bərpa olunan enerjidən istifadəyə keçməklə 2030-cu ilədək enerjiyə 30 faiz qənaət edə bilər.

Lakin Exeter Universitetindən professor Cozef Datton deyib ki, "mədən yanacağı hələ bir müddət bizimlə olacaq". O deyib ki, əslində indi mədən yanacağı ilə bərpa olunan enerji arasında nəsillərin çarpışması gedir. Alimin fikrincə, xüsusilə də bərpa olunan enerji ilə işləyən nəqliyyat sahəsindəki irəliləyiş iqlim dəyişikliyinin qarşısının alınması üçün kafi vəziyyətdə deyil.

Cozef Dattonun fikrincə, mədən yanacağı və kimyəvi maddələr gözlə görünən yaxın gələcəkdə yoxa çıxmayacaq. “Qaldı müflisləşmiş xırda şirkətlərə, onların əksəriyyətinə iri şirkətlər sahibləniblər”-Dutton deyir. (BBC)


22:53 04.01.2017