KANAL24.AZ
Az Iw En Ru

Mənzilləri sökülən Nərimanov sakinlərindən ETİRAZ

Nərimanov rayonu Faiq Yusifov 10, Nazim Hacıyev 18, 20, 22 və 22 a ünvanlarında evləri sökülən sakinlər tikinti şirkətinin onların hüquqlarını pozması ilə bağlı müraciət edib.

Sakinlərin sözlərinə görə, söküntü işləri Nərimanov Rayon İcra Hakimiyyəti və “İnkişaf-S”MMC tərəfindən aparılır.

Sakinlərə bildirilir ki, bina 18 ay müddətində tikiləcək, həmin vaxt ərzində onlara kirayə haqqı ödəniləcək. Bina tikiləndən sonra isə onlara yeni mənzil veriləcək.

Artıq Faiq Yusifov 10 ünvanındakı bina sökülüb. Digər binaların sakinləri söküntüyə razı deyil. Səbəb isə tikinti şirkətinin bu vaxta qədər sökülmüş binaların sakinləri ilə bağladığı müqavilənin notarius tərəfindən təsdiq edilməməsidir. Onların sözlərinə görə, tikinti 18 aya başa çatmadığı halda özlərini nəyin gözlədiyi, yaxud tikinti başa çatandan sonra binanın istifadəyə yararlı olub-olmayacağı sual altındadır.

Sakinlər deyir ki, mənzili sökülmüş sakinlərlə imzalan müqaviləni bir neçə notariusa və “ASAN Xidmət” mərkəzinə təqdim ediblər. Hər dəfə də onlara müqavilə doğru tərtib edilmədiyinə görə onu təsdiqləyə bilməyəcəklərini bildiriblər. Müqavilədə vətəndaş və tikinti şirkəti ilə yanaşı Nərimanov rayon İcra Hakimiyyəti də tərəf kimi iştirak etməlidir. Bundan başqa, müqavilədə tikinti şirkətinin bank hesabı, tikiləcək obyektlərin siyahısı və s. məqamlar da əksini tapmayıb.

Bütün bunları nəzərə alan sakinlər evlərinin qarşılığında ya onlara pul, ya da tikinti şirkətinin tikdiyi başqa bir binada mənzil verilməsini tələb edir. Lakin onların bu istəklərinə cavab verəcək tikinti şirkəti rəsmisini tapa bilmirlər. Ərazidə isə söküntü işləri davam etdirilir.

Söküntü işləri Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarında köhnə binaların sökülüb yerində yenilərinin inşa edilməsi ilə bağlı dövlət proqramına uyğun həyata keçirilir.

Bu barədə Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərar qəbul edib.

Məsələyə münasibət bildirən, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib ki, həmin binaların söküntüsü dövlət proqramı əsasında aparılsa, orada yerli icra hakimiyyəti tərəf kimi iştirak etməlidir: “Əks təqdirdə tikinti başa çatdırılmadığı halda vətəndaşın haqqını tələb edəcəyi ünvan olmur. Ona görə də, müqavilə icra hakimiyyətinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə imzalanmalı, üçtərəfli olmalıdır. Bundan başqa, binanın istifadəyə yararlı olmadığı halda, öhdəliyin tikinti şirkətinin üzərində qalması müqavilədə əks edilməlidir. Çünki vətəndaş hazır mülkiyyətindən tikinti şirkətinə görə boyun qaçırır. Gələcəkdə mülkiyyət hüquqları ilə yanaşı öz mənzilini də tələb etməlidir. Mən şəxsən bu məqamlar olmadığı halda müqaviləyə razılıq verməzdim”.

Ekspert vətəndaşların sökülən evi qarşılığında başqa bir yerdə hazır ev və ya pulunu tələbetmə hüququnun olduğunu dedi: “Lakin bunun üçün hər iki tərəf razı olmalıdır. Tərəflər razı olduğu halda, müqavilə bu şərtlər əsasında da bağlana bilər”.

Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyevin sözlərinə görə, daşınmaz əmlakın alqı-satqısı, dəyişməsi ilə bağlı müqavilələr notariusda təsdiqlənməlidir: “Vətəndaş mənzilindən imtina edirsə və şirkət yeni tikəcəyi binada ona ev verəcəksə, bu dəyişmə müqaviləsi ilə tənzimlənir. Həmin müqavilə mütləq notariusda təsdiq olunmalıdır, notariusda təsdiq edilmədiyi halda müqavilə etibarsız sayılır. Müqavilədə ya vətəndaşa evinin qarşılığında hansı məbləğin veriləcəyi, ya da yeni mənzillə təmin edildiyi barədə məqamlar əksini tapmalıdır. Bununla da gələcəkdə tikinti baş tutmadığı halda vətəndaş pulunu tələb edə biləcək. Vətəndaşın gələcəkdə yaşana biləcək fostmajor hallarda kimə müraciət edə biləcəyi müqavilədə əksini tapmalıdır. Bu gün tikintinin yarımçıq qalması, tikintinin başqa səbəbdən başa çatmaması hallarını müşahidə edirik. Bu proses dövlət proqramına əsasən aparılsa da, müqavilənin olması və həmin müqavilədə vətəndaşın razılığının olması mütləqdir. Çünki ev vətəndaşın mülkiyyətidir, istəmədiyi halda heç bir şərtlə razılaşa bilməz. Əgər Nazirlər Kabinetinin imzaladığı qərar əsasında işlər həyata keçirilsə, bu məsələdə vətəndaşlar aldadılmayacaqlarına etibar edə bilər. Lakin yenə də vətəndaş konstitusion hüququna əsasına mülkündən istədiyi kimi istifadə edə bilər. Bina istifadəyə yararsız haldadırsa, məsələyə yenidən başqa məqamda baxıla bilər”.

Nərimanov rayon İcra Hakimiyyətin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov bildirib ki, onların müqavilədə tərəf kimi iştirakı mümkün deyil: “Tikintini aparan özəl şirkətdir, tərəflər arasında müqavilə imzalanır. Rayon İcra Hakimiyyəti isə tikinti aparan şirkətlərlə müqavilə bağlayır. Həmin müqavilədə tikintinin vaxtında təhvil verilməsi, kirayə pullarının ödənilməsi məsələləri əksini tapır. Bundan sonra, müqavilənin notariusda təsdiqinə ehtiyac yoxdur. Şirkətlə vətəndaş tərəfindən imzalanan müqavilədə İcra Hakimiyyətinin tərəf olması mümkün deyil. Rayon İcra Hakimiyyəti adından müqaviləni İcra Başçısı bağlayır. Nərimanov rayonu ərazisində 219 yerdə bu cür söküntü aparılacaq və 11 minə yaxın sakin köçürüləcək. Onların hamısı ilə İcra Hakimiyyətinin müqavilə bağlaması ağır prosesdir. Bu evlər qəzalı vəziyyətdədir, vətəndaşın istəməməsi düzgün deyil”.

İcra hakimiyyəti rəsmisi vətəndaşları heç bir təhlükənin gözləmədiyini deyib: “Bu gün vətəndaşlar fərdi qaydada ev alarkən heç müqavilə də təsdiqlətmir, bəzən də aldadılma halları da olur. Yəni nədənsə, vətəndaşlar pulunu verib ev alanda, şübhələnmir. Ancaq biz köhnə evini ver, əvəzində sənə təmirli ev verəcəyik deyəndə insanlar şübhə ilə yanaşır. Lakin qeyd edim ki, icra hakimiyyətinin şirkətlə olan müqaviləsi vətəndaşı sığortalamış olur. Vətəndaş həmin müqaviləni tikinti aparan şirkətdən tələb edə bilər. Bundan başqa, həmin binaların söküntüsü Nazirlər Kabinetinin qərarına əsasən aparılır. Vətəndaşlar əmin olsunlar ki, onlara veriləcək bina tam təmirli olacaq. Yeni binaya köçənə qədər də onlara kirayə haqqı veriləcək. Yəni ola bilər ki, tikinti 19 aya və daha uzun müddətə başa çatsın, lakin yenə də narahat olmağa dəyməz. Çünki bu zaman həmin ayın da ödənişi ediləcək”.


00:05 22.11.2016
Xəbər lenti
Bütün xəbərlər