KANAL24.AZ
Az Iw En Ru

Heydər Əsədov: Subsidiya və güzəştlər ikinci əkinə də şamil olunacaq

“Müasir suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödəniləcək”.

Cari mövsümdən etibarən verilən subsidiya və güzəştlərin ikinci əkinə də şamil olunması, yəni, il ərzində iki dəfə əkin aparana ikinci dəfə subsidiyanın verilməsi qərara alınıb ki, bu tədbirin icrası ölkədə yem təminatının gücləndirilməsində xüsusi rol oynayacaq. 

Bu barədə ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda Kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

Nazir bildirib ki, cari ildən etibarən müasir suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödəniləcək ki, bu dəstək ənənəvi olaraq tətbiq edilən və torpaqların deqradasiyasına, şoranlaşmasına səbəb olan selləmə üsulu ilə suvarma metodundan su resurslarına qənaət edən müasir suvarma üsullarına keçid üçün mühüm rol oynayacaq. 

“Məhsul istehsalçılarını keyfiyyətli, potensial məhsuldarlığı yüksək toxumlarla təmin etmək üçün Dövlət Taxıl Fondu yaradılıb ki, bu da ölkədə toxumçuluğun inkişafının səmərəli tənzimlənməsinə, bitkiçilik sahəsində məhsuldarlığın yüksəldilməsinə hədəflənib.

Süni mayalanma yolu ilə alınmış hər buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilib. Bu dövlət dəstəyinin tətbiqi yüksək məhsuldar, genetik potensialı olan heyvanların baş sayının artırılmasına və sözügedən sahəyə marağın gücləndirilməsinə, eləcə də heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına çox mühüm töhfə verəcək”, - Heydər Əsədov qeyd edib.


06:00 12.01.2016
Xəbər lenti
Bütün xəbərlər