KANAL24.AZ
Az Iw En Ru

Bu gün döyüş vaxtıdır

Bu gün döyüş vaxtıdır

Möhtəşəm Odlar yurdu, doğma Azərbaycanım,

Amalın ziynətindir, müdrikliyin vüqarın.

Ananın Südü qədər pak, ulvisən, Torpağım,

Ağbirçək Ana kimi sevimlisən, Torpağım.

 

Neçə ildir olmusan xain, düşmən tapdağı,

O vaxtdan sızıldayır sinən üstə bu dağın!

"Torpaqdan pay verilməz", - deyib müdrik babalar,

Torpağa Ana deyir qədirbilən balalar.

 

Baş əyibdir qarşında dərdinə şərik olan

Hər oğlun, hər bir qızın, səni sevən hər insan.

Ümidə inam qatıb gözləyiblər bu anı,

Yağıdan qurtarmaqçın doğma Azərbaycanı.

 

Bu gün döyüş vaxtıdır, zəfər çalmaq məqamı,

Hökmünü verib zaman, vermə əldən imkanı!

Xaindir qarı düşmən, gəlməyəcək imana,

Amalına qovuş sən, yetiş kama, murada!

 

Alınmaz bir qaladır, şanlı,müzəffər Ordun,

Rəşadətli əsgərin şərəfidir bu Yurdun!

Qəlbimizin sevgisi, duaları sənindir!

Babaların qeyrəti, şücadəti sənindir!

 

Bu döyüş haqq döyüşü, xilaskar bir yürüşdür,

Bu döyüş müqəddəsdir, qələbə yürüşüdür,

Bu, doğma Torpaq səsi, qurtuluş sədasıdır,

Ana, yetim fəryadı, şəhidin qisasıdır.

 

Böyük öndərin yolu bu günə bir özüldür,

Bu, azadlıq yoludur, azadlığın özüdür!

Ali Baş Komandanın cəsarətli mövqeyi,

Mərd, əyilməz bir xalqın ali, ülvi istəyi!

 

Qələbə qazandıqca, ruhlanirsan, can Vətən,

Qətiyyətin, inamın daha da artır, Vətən!

Qalibiyyət şərbətin sinənə məlhəm etsən,

Tarixə borcunu sən onda verərsən, Vətən!

 

Bu möhtəşəm qüvvəti, belə qüdrəti görüb,

Qəlbim riqqətə gəlib, ürəyim qürurlanıb.

Bu Torpağın suyuna, havasına minnətdar,

Yəhudi balasiyam, Səninlə varam hər an!

 

Batsion Abramov


06:16 06.11.2020
Xəbər lenti
Bütün xəbərlər