KANAL24.AZ
Az Iw En Ru

Suriya: İD döyüşçüsü “öz anasını edam edib”

Özünü İslam Dövləti adlandıran qruplşmanın (İD) döyüşçüsü öz anasını ictimaiyyət qarşısında “edam edib”, fəallar bildirirlər.

21 yaşlı Əli Saqr anası Lena əl-Qasemini cihadçı qrupdan çıxmaq tələbinə görə Raqqadakı poçt idarəsinin qarşısında öldürüb, şahidlər deyirlər.

İD qrupu 2013-cü ildə ələ keçirdiyi Raqqa şəhərini özünün paytaxtı elan edib.

Hadisə barədə Londonda mənzillənən Suriya İnsan Haqları üzrə Monitorinq Şurası və “Raqqa is Being Slaughtered Silently” qrupu xəbər verir.

Məlumata əsasən, 45 yaşlı Lena əl-Qasem deyib ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İD qrupunu “yer üzündən siləcək”. O, oğlunu bu qrupdan çıxıb onunla birlikdə şəhərdən qaçmağa inandırmağa çalışıb.

Oğul bu barədə İD qrupuna xəbər çatdırdıqdan sonra cihadçılar ona anasını öldürməyi əmr ediblər.

Əli Saqr anasını onun işlədiyi poçt idarəsinin yanında toplaşan yüzlərlə adamın gözü qarşısında güllələyərək öldürüb.

Suriya İnsan Haqları üzrə Monitorinq Şurası cihadçı qrupunun tez-tez "ictimai edamlar təşkil etdiyini" bildirir.

İD 2014-cü ildə İraq və Suriyada geniş əraziləri nəzarət altına alıb.


01:15 09.01.2016
Xəbər lenti
Bütün xəbərlər