KANAL24.AZ
Az Iw En Ru

“Müqavimət göstərildiyi təqdirdə hər bir silahlı şəxs ordumuz tərəfindən zərərsizləşdiriləcək” - AÇIQLAMA

“Bu gün səhər saatlarında düşmənin cəbhəboyu ərazilərdə həyata keçirdiyi təxribatın qarşısını almaq məqsədilə ordumuzun bölmələri tərəfindən həyata keçirilən əks həmlə əməliyyatı nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilib”.

Bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Ermənistan Silahlı Qüvvələrinə Ağdərə yaşayış məntəqələrində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın hərbi komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək təklif edilib:

 

“Belə ki, Azərbaycan hərbi komandanlığı Ermənistan silahlı qüvvələrinə silahı yerə qoyaraq, təslim olmağı təklif edib. Bununla yanaşı, Azərbaycan ordusunun komandanlığı tərəfindən hərbi əsirlər və mülki girovlarla davranışın Cenevrə Konvensiyasının tələbləri və Beynəlxalq Humanitar hüquq əsasında həyata keçiriləcəyi bildirilib. Müqavimət göstərildiyi təqdirdə hər bir silahlı şəxs ordumuz tərəfindən zərərsizləşdiriləcək”.

A.Eyvazov onu da əlavə edib ki, əks-həmlə əməliyyatı keçirilən zaman Azərbaycan Ordusunun bölmələrinin zərbələri nəticəsində düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçıb:

“Bununla bağlı mətbuat xidmətinin mərkəzi komanda məntəqəsindən məlumatlar əldə edilib.

Əldə edilən videogörüntülərdə Ermənistan qoşunlarının məhv edilən, eləcə də, ərazidə qalan hərbi texnikaları əks olunub. Bu görüntülər artıq ictimaiyyətə çatdırılıb və davamlı olaraq ictimaiyyətə çatdırılacaq”.


02:39 28.09.2020
Xəbər lenti
Bütün xəbərlər