KANAL24.AZ
Az Iw En Ru

"AZƏRİLƏR" poemasının XIV BÖLÜMÜ; ZƏFƏRSİZ DÖYÜŞ"

808 - ci il: AZƏRİAN...
Səhər artıq açılır, ağarır dan...
QARADAĞdan BƏZZ qalası görünür,
Ocaq tüstülənir, gah yanır, sönür...

İşıqlanır KƏLEYBƏR qəsəbəsi,
Gəlir qulaqlara təbilin səsi...
AZƏRİ əsgərlər cərgəbəcərgə,
Elə bu məkanda salır düşərgə.

Qılınclar sazlanır, ox itilənir,
Sərkərdə CAVİDAN atından enir.
Qoyur sağ əlini alnına əvvəl,
Sonra dodaq üstə gəlir həmin əl.

Axırda qəlbinin üstə gətirir,
AZƏRİ salamın xalqa yetirir!
Xalq da salam verir eyni qaydada,
Ulu adətimiz salınır yada.

Sonrasa səfərbər olaraq Ordu,
Gedir qorumağa müqəddəs yurdu.
Elə ki yetişir BƏZZ qalasına,
Qılınclar bir anlıq qoyulur qına.

Bura Qərargahdır XÜRRƏMİLƏRƏ,
Ətrafı sal qaya, yoxuş, dağ, dərə...
Hamı CAVİDANA zilləyir gözün,
Yaddaşa həkk edir onun hər sözün.

Hərbi müşavirə yetəndə sona -
Əsgərlər and içib, söz verir ona:
"Ölərik, vermərik yurdu düşmənə!
Sərkərdəm, tabeyik, sadiqik sənə!"

Ardınca əmr edir CAVİDAN yenə:
"Əsgər, yubanmadan qalx at belinə!
Silahı daima hədəfə tuşla!
Yürüş düşmən üstə, döyüşə başla!"

Ordu yaxınlaşır meydana sarı,
Ətrafda görünür ərəb atları.
Tədricən bir yerə cəm olur onlar,
Başlayır ən müdhiş, qorxulu anlar...

Deyir sərkərdə ƏHMƏD İBN ƏL - CÜNEYD:
"Tapşırıb xəlifə HARUN - ƏR - RƏŞİD,
Kafir azərini parçalayıb, did!
Ya qazi olarsız, ya da ki şəhid!"

Tarix səhnəsində açılır pərdə,
Hücum əmri verir ərəb sərkərdə.
Qoşunlar üzbəüz vuruşur belə,
Fəqət zəfər ilə bitmir mərhələ.

Dağlara çəkilir AZƏRİBƏYLƏR,
Azadlıq uğrunda göstərir səylər.
Aparır partizan müharibəsi,
Yenə də ucalır, batmayır səsi!

Görür, azuqəsi azalır yaman,
Qoyunun satmalı olur CAVİDAN.
Odur ki ZƏNCANA eyləyir səfər,
Alır qoyunları ondan bir nəfər.

Sonra altındakı köhlən at ilə -
Salır öz yolunu o, ƏRDƏBİLƏ.
Elə ki yetişir BİLALABADA,
Çox xoş qarşılanır həmin obada.

BƏRUMƏND isimli kəndli dul qadın -
Kasıb sakiniydi BİLALABADIN.
Lakin zəngin idi qəlbi, ürəyi,
Zəhmətlə yeyərdi halal çörəyi.

Görüb CAVİDANI, evə çağırdı,
Üzündən, gözündən nurlar yağırdı...
Sərkərdə hiss edib səxavətini,
Qətiyyən pozmadı el adətini.

Ədəblə, ərkanla keçdi içəri,
Soruşdu: hardadır, varmıdır əri?
BƏRUMƏND söylədi: "Ölübdür ərim,
Onsuz ağır keçir mənim günlərim.

Ancaq bir oğlum var BABƏK adında,
Ötkəmdir, dönməzdir öz inadında.
Gedib, işləməyə qoymayır məni,
Özü təmin edir hər gün süfrəni."

Açıldı qapı da bax elə bu an,
BABƏKi ilk dəfə gördü CAVİDAN.
Zahiri, cüssəsi cəlb etdi onu,
Dost saydı özünə kəndli oğlunu.

Qeyrəti, əxlaqı xoşuna gəldi,
Gözündə daha da artdı, yüksəldi.
Qaldı BABƏKGİLİN evində xeyli,
Bu kasıb xanədən dönmədi meyli...

SƏRRAF AZƏRİBƏY (ƏFƏNDİYEV)

13.09.2013.




01:07 19.08.2020
Xəbər lenti
Bütün xəbərlər