KANAL24.AZ
Az Iw En Ru

"AZƏRİLƏR" POEMASI XIII BÖLÜM: "AZƏRİ ÜSYANI"

807 - ci il: Azərbaycan...
Ölkəni bürümüş müdhiş həyəcan!
Siyasi böhran var dərindən dərin,
Zülmü tüğyan edir Abbasilərin!

Üsyanlar, çıxışlar verməyir ara,
İtaət etməyir xalq zülümkara.
O, isə güzəştə getməyir qəti,
Artır etirazın həddi, vüsəti...

Çalxalanır Rey, İsfahan, Həmədan,
Hər tərəf inan ki qan qoxuyur, qan!
Qəlblərdən nifrətin nəfəsi gəlir,
Qəzəb dalğaları göyə yüksəlir!

Sözlərin sonunda nida kükrəyir,
Cümlələr birbaşa hədəfə dəyir:
"Ey MƏMUN, yurdumdan çək ləşkərini,
Ottək biçəcəyik hər əsgərini!"

Günəş timsalıydı əllərdə məşəl,
Sanki qaranlıqda parlayırdı ləl...
AZƏRİLƏR öyünürdü səhər, şəb:
"OD dinindən müqəddəsdir ey ərəb!"

Hamı bütün günü meydanda idi,
Vətən məhəbbəti ruh, canda idi!
Hər kəs OD eşqiylə xürrəm olurdu,
İçir inanc meyin, şux, dəm olurdu...

Bəli, mübarizlər XÜRRƏMİ idi,
Ancaq hədəfləri şərab deyildi.
Yad dinə sitayiş etmirdi onlar,
Bunu şüarları eyləyirdi car.

XÜRRƏMİ lideri böyük CAVİDAN -
Xalqı düşünürdü hər zaman, hər an.
Üz tutub, deyirdi AZƏRİLƏRƏ:
"Qoy Vətən naminə can versin hərə!"

Beləcə, get - gedə coşdu izdiham,
Millətin mövqeyi göstərildi tam.
Silaha əl atdı ərəb əsgəri,
Amma AZƏRİLƏR durmadı geri.

Meydanda bir qızğın döyüş başladı:
Kimi qılınc çəkdi, kimi daşladı...
Ərəb sərkərdə YƏHYA İBN MÜAZı -
Bu dəfə Ordusu etmədi razı.

İraqdan əlavə qoşun çağırdı,
Önündə qəzəblə coşdu, bağırdı:
"Əgər qazanmasaz bu dəfə zəfər,
Sağ qalmayacaqdır burda bir nəfər!"

Əmr etdi: "Yenidən başlansın hücum!
Əsgər, düşməninin üzərinə cum!"
Ötdü dəqiqələr, ötdü saatlar,
Oynadı qılınclar, kişnədi atlar.

AZƏRİ sərkərdə - cəsur CAVİDAN -
Etdi ərəbləri qanına qəltan!
Həmişə ordunun önündə getdi,
Döyüş meydanına birinci yetdi!

Seyrəltdi məhv edib düşmən cərgəsin,
Sonra əsgərlərə ucaltdı səsin:
"İrəli! Geriyə yoxdur yolumuz,
Düşmən - hədəfimiz, OD - simvolumuz!"

İgid AZƏRİLƏR şir, pələng kimi -
Üstün mövqelərin oldu hakimi!
Qorxdu Xilafətin qəddar ordusu,
Çəkildi geriyə, nəticəsi - bu!
07.09.2013.
SƏRRAF AZƏRİBƏY (ƏFƏNDİYEV)s


00:58 06.08.2020
Xəbər lenti
Bütün xəbərlər