KANAL24.AZ
Az Iw En Ru

"AZƏRİLƏR" POEMASI X BÖLÜM: " VIII DÖVLƏTİM - ATROPATENA"

Geriyə - keçmişə salıbdır mənzil -
Miladdan düz üç yüz iyirmi bir il...
Qət etdim xəyalən bu məsafəni,
Tarix mənzilində gözlədi məni...

Elə ki yetişdim, açdı qapını,
Tanıtdı Midiyanın satrapını.
O, isə qürurla verdi təqdimat:
"Özüm AZƏRİyəm, adım ATROPAT!

Kiçik Midiyada canişin idim,
Düşməni lərzəyə saldı təhdidim;
Qorxub, çəkildilər bircə sözümdən,
Oxundu ürəyim qoşa gözümdən...

Cəsarət gördülər baxıb "aynadan",
Sezdilər arifəm, deyiləm nadan.
Böyük hökmdarım duyub haləti,
Mənə təhkim etdi çox əyaləti.

İlbəil daha da böyüdü məkan,
ALLAHdan bəxtimə verildi təkan.
Vilayət tədricən dövlətə döndü,
O, daha möhtəşəm, üstün göründü.

Yayıldı şöhrəti, şanı hər yana,
Adı isə oldu: ATROPATENA!
Yek saxladım, yol vermədim bölünə,
Urmiya gölündən - Günəş Gölünə.

Bərkiyib, bünövrə tutanda taxtım,
Qazaka şəhəri oldu paytaxtım.
Mahir memarları topladım bura,
Onlar imza atdı neçə uğura...

Üstünlük bilindi əlbəttə, rəva:
Şölələnən on üç dilli ALOVa!
İnşaatda onu meyar götürtdüm,
Surətini binalara ötürtdüm.

Ucaldı AZƏRGƏŞƏSB məbədi,
Oldu qədim keçmişimin mabədi.
ODSEVƏRLƏR sitayişə gəldilər,
Etiqadla səmaya yüksəldilər!

İnsan üçün cövhər sandım əməyi,
Unutmadım xalqa: "çalış!" deməyi.
Urmiya gölündən toplanıldı duz,
Sərvət bollaşdıqca parladı ulduz...

Başqa dövlətlərlə ticarət etdik,
Rifah yaxşılaşdı, məqama yetdik.
Tər töküb torpaqda, mədən də qazdıq,
Yoxsa zəmanəylə bacarammazdıq...

Zinətçün sapsarı qızıl çıxardıq,
Sonrasa gümüşə, almaza vardıq.
Həm də qab - qacaqçün üz tutduq misə,
Qılınca yaradı sərt polad isə.

Faydalar götürdük palçıqdan, gildən,
Düzgün bəhrələndik hər bir fəsildən;
Yayda saman töküb, kərpic kəsərdik,
Binalar tikməyə hey tələsərdik...

Qışdasa yığışıb kərpic evlərə,
Günün - güzaranın sürərdi hərə...
Payızda bağlardan meyvə dərərdik,
Yazda çəmən üstə xalı sərərdik..."

Bəli, bu faktlarla məni qoydu mat,
Söyləyib keçmişi, böyük ATROPAT.
Zəhməti, hünəri getmədi bada,
Ölsə də, dövləti qaldı dünyada...

Yaşadı o dövlət, çıxarma yaddan:
İki yüz iyirmi dörd il Miladdan.
Bax belə var oldu ATROPATENA,
Ən böyük şahidsə - tarixdir ona!
13.08.2013.

SƏRRAF AZƏRİBƏY (ƏFƏNDİYEV)


20:24 17.07.2020
Xəbər lenti
Bütün xəbərlər