KANAL24.AZ
Az Iw En Ru

"AZƏRİLƏR" POEMASI IX BÖLÜM: "YEDDİNCİ DÖVLƏTİM - MİDİYA"

Ötən əsrləri saldıqca yada,
Cəmləndi diqqətim Ön Asiyada.
Canlandı gözümdə onun şimalı,
Bizə çox şey deyir məkanın halı.

Xəzər ovalığı vardır burada,
AZƏRİ iz qoymuş həmin sırada.
Baxsam şərqə tərəf görrəm Hind çayın,
Taparam burda da YURDUMUN payın.

Gərmisr səhrası cənubda qalır,
VƏTƏNİM burdan da sorağın alır.
Var bir ovalıq da cənubi - qərbdə,
Orda hakim olmuş dinclik də, hərb də...

Hə, Mesopotamiya ovalığı,
Torpağında tariximin qalığı:
Daxilində OD qorunan əşyalar...
Hər birində AZƏRİLİK ruhu var!

Qızıl İrmaq çayı da qərb səmtində,
Fakt danışır hər guşədə, hər tində...
Yenə ölçü versək biçilən dona,
Sərhədlər çatacaq Əfqanıstana...

Bəli, bura qədər yetib miqyası,
Yaranıb MİDİYA İMPERİYASI.
Mənim dünənimdir onun varlığı,
AZƏRİ adlıdır hər bir çarlığı.

Zaman məsafəsi hə, saldığı iz -
Miladdan yeddi yüz iyirmi səkkiz!
Cahanın, dünyanın o qədim vaxtı -
Möhtəşəm Ekbatan olub paytaxtı.

Hərb edib əcdadım aşşurlar ilə,
Atıb öz imzasın hər əsrə, ilə.
Böyük hökmdarım olub KİAKSAR,
Lovğa düşmənləri eyləyibdir xar!

Cənglər, vuruşmalar keçsə də çətin,
Bilməyib dadını məğlubiyyətin.
İstəsən, araşdır, tarixi ara,
Gör nə qan uddurub SALAMANSARa.

Bəli, aşşurlardan həmin hökmdar -
Yurduma hücumçün vermişdi qərar.
Guya MİDİYAnı boyayıb qana,
Bayraq sancacaqdı o, EKBTANa...

Yığıb ordusunu, düşsə də yola,
Sərhəddən bir mövqe bilmədi ala.
Gərmsir səhrası od qoydu ona,
Hətta peşman oldu doğulduğuna...

Yeriyərək Xəzər ovalığından,
AZƏRİ igidlər almaqdaydı can!
KİAKSAR hamıdan öndə gedirdi,
Yağıya pələngtək hücum edirdi!

Qaçırdı aşşurlar çaqqallar kimi,
Cəsurlar olmuşdu hərbin hakimi.
Qorxağın cəzası - ölüm idi tək,
Zəfər arzusuyla vururdu ürək!

Nəhayət, daha da qızışdı ara,
Ölüm yaxın gəldi SALAMANSARa!
Vuruşdu təkbətək igid KİAKSAR,
Çünki müqəddəsdir qeyrət, namus, ar!

AZƏRİ hökmdar oldu müzəffər,
Beləcə, VƏTƏNdən uzaq durdu şər.
Namərd aşşurların burnu ovuldu,
Onlar sərhəddəncə geri qovuldu!

Bəzəndi EKBATAN bayraqlar ilə,
Artdı, davam etdi xoşbəxt silsilə.
Möhtəşəm qələbə marşı çalındı,
Müqəddəs ALOVa nəzər salındı.

Vəsf etdi dualar on üç şöləni,
Dilləndi ALOVun vücudu, təni:
Diri varlığıyam mən AZƏRİnin,
Yanar surətiyəm alın tərinin!

Bu ODLU TORPAQda mən yana - yana,
Gur işıq verirəm AZƏRİANa!
Keçmişin zülmətin bilirəm yara,
Həmişə sadiqəm böyük meyara!

05.08.20013.
SƏRRAF AZƏRİBƏY (ƏFƏNDİYEV)


02:31 09.07.2020
Xəbər lenti
Bütün xəbərlər