Prezident İlham Əliyev “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Kanal24 xəbər verir ki, qanuna dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədi daşıyır.
Başqa sözlə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndiriləcək. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam veriləcək.