“Azərbaycan vətəndaşları bütövlükdə qəbul olunan karantin rejiminə həqiqətən də ciddi riyayət edirlər. Müşahidələrim göstərdi ki, bütün Azərbaycan ərazisində vətəndaşlarımız qanuna böyük hörmət nümayiş etdirdilər”.
Kanal24 xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yeni TV”yə müsahibəsində deyib.
Ə.Hüseynli bildirib ki, polisin tutma, saxlama ilə bağlı həyata keçirdiyi tədbirlər qanunvericilikdə nəzərdə tutulub: “Tam qanunauyğun olaraq bu tədbirlər həyata keçirilib. Xanım vətəndaşla davranışda isə etik davranış qaydasının pozulması müşahidə olunub. Buna da adekvat reaksiya verilib. Hesab edirəm ki, biz bu məsələdə günahkar axtarışında olmalı deyilik. Bu, bir epizodik haldır. Burada qaydanı pozan hər iki tərəfdən şəxslər müəyyən olunub və tədbirlər görülüb”.