"Üzümçülük və şərabçılığın inkişafı üçün ölkəmizdə ciddi potensial və perspektivlər var. Azərbaycanda yetişdirilən 300-dək yerli və 200-dək digər ölkələrdən gətirilən üzüm növləri müxtəlif növ şərab, habelə konyak, brendi və şampan markalarının istehsalına imkan verir."
Kanal24 xəbər verir ki, bu sözləri deputat Elnur Allahverdiyev "Facebook" hesabında yazıb:
“2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”ndakı təhlillərə görə, 1 ton Azərbaycan şərabının dünya bazarındakı orta qiyməti 1200 ABŞ dollarıdır. Bu qiymətlə şərabçılıq məhsullarımızın dünya bazarında özünə böyük həcmdə əlverişli yer tutması üçün olduqca ciddi perspektivlər var. Həm qiymət, həm yerli üzüm sortlarının özünəməxsus dadı və keyfiyyəti, həm ötən əsrin 80-ci illərindəki istehsal səviyyəsinin bərpası potensialı bu məqsədi olduqca əlverişli edir.
Bugün Milli Məclisin plenar iclasında müzakirə etdiyimiz məsələlərdən biri də “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik oldu. Dəyişikliyə dair məruzə ilə çıxış etdim. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda 12 iyul 2019-cu il tarixində edimiş dəyişikliyə görə, qanunun 14.12-ci maddəsindən “qanunvericiliyə uyğun olaraq dövlət reyestrində qeydiyyata alınmalı, istehlak bazarına attestasiya edilməli“ sözləri çıxarılıb. Buna uyğun olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda da dəyişiklik edilməsi attestasiya və dövlət reyestrinə daxil etmək üçün nəzərdə tutulmuş rüsumların ləğv edilməsini nəzərdə tutur."