KANAL24.AZ
Az Iw En Ru

QMİ-dən ABŞ Konqresinə - Müraciət

Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav və Katolik Kilsələri, Dağ və Avropa Yəhudiləri, Alban Udi icmaları rəhbərləri Amerika Birləşmiş Ştatları Konqresinə müraciət ünvanlayıb.

 

Müraciətdə bildirilir ki, Helsinki Komissiyasının sədri Kris Smitin hazırladığı “Azərbaycanda Demokratiya Aktı” başlıqlı qanun layihəsində Azərbaycanda dini etiqad azadlığı ilə əlaqədar yer almış yanlış mülahizələrə dair narazılığımızı bildirir və bunu ölkəmizdə mövcud olan dini tolerantlıq mühitinə qarşı qərəzli kampaniya kimi qiymətləndiririk.

Bizi təəccübləndirən başlıca amil - cari il ərzində Azərbaycana ABŞ-ın siyasət, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin çoxsaylı heyyətlərinin gəlməsinə və dini etiqad azadlığı sahəsində real vəziyyətlə tanış olaraq çox yüksək qiymətləndirilməsinə baxmayaraq, dönüşdən sonra fikir dəyişdirərək ölkəmizdəki mövcud gerçəkliyi əks etdirməyən belə sənədin Kapitoliyə təqdim olunmasıdır. Biz bunu müəllifin məlumatsızlığı ilə əlaqələndirə bilərdik, lakin müasir dünyada informasiya əldə etmək imkanları bu fikri istisna edir.

Tarixən Azərbaycanda ənənəvi dini icmalar - müsəlman məscidləri, xristian pravoslav, katolik, alban udi kilsələri, yəhudi sinaqoqları fəaliyyət göstərmişdir və bu gün də öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməkdədir. Ölkənin müsəlmanlara məxsus 800-dən artıq məbədlərində ibadət edən sünnilər və şiələr birlikdə namaz qılırlar ki, bu faktın özü dünyaya örnək ola biləcək məzhəb birliyinin nadir nümunəsidir. Ümumən bu gün Azərbaycanda qədim alban udi kilsələri ilə yanaşı pravoslav və katoliklərin 12 kilsəsi, 6 yəhudi sinaqoqu mövcuddur. Dövlət tədbirlərində, dini bayram və mərasimlərdə biz birlikdə iştirak edirik. Dövlətin mənəvi dəstəyi və maddi yardımı sayəsində yüzlərlə dini ibadət ocaqları, məscidlər, kilsələr, sinaqoqlar inşa və təmir edilərək dindarların istifadəsinə verilmiş, dini konfessiyaların ehtiyacları təmin olunmuşdur. 2014-cü ildə dövlət başçımızın müvafiq Fərmanı ilə Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Ölkədə son illər keşirilmiş Dünya dini liderlərinin konfransları, Bakl prosesi adlanan multikulturalizm forumları mövcud olan tolerantlıq mühitinin bariz nümunələridir.

Azərbaycanda başqa dinlərə mənsub insanların inanclarına hörmətlə yanaşılır. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Bakının mərkəzində yerləşən erməni kilsəsinin öz fəaliyyətini dayandırmasına baxmayaraq, həmin məbəd də dövlət tərəfindən təmir və bərpa edilmiş, ona məxsus kitablar və atributlar qorunub saxlanılmışdır.

Biz çox təəssüf edirik ki, hörmətli konqresmen hazırladığı sənəddə ibadət imkanlarından məhrum olan Qarabağ dindarlarının pozulmuş insan haqları barədə heç bir söz demir.

Sizə təqdim olunan qanun layihəsində göstərilir ki, Azərbaycanda Baptist, Yeddinci gün adventistləri, “Pentecostals” nümayəndələri leqal statusa malik deyillər və guya acınacaqlı vəziyyətdədirlər. Bununla bağlı bildirmək istəyirik ki, ölkəmizdə bu cərəyanların nümayəndələri icma deyil, fərdi şəkildə fəaliyyət göstərirlər və onlar icma şəklində təmsil olunmaq üçün müvafiq icra strukturlarına müraciət etməlidirlər.

Göstərilən layihə mətnində işarə olunur ki, Azərbaycanda guya çoxlu sayda dini məhbus mövcuddur. Birmənalı şəkildə bəyan edirik ki, həmin şəxslər dini fəaliyyətlərinə görə deyil, əksinə dini şüarlardan sui-istifadə edərək terrorizmə çağırış, dövləti silah gücünə çevirməyə cəhd kimi radikal və ekstremist təmayüllü hərəkətlərinə görə azadlıqdan məhrum edilmiş cinayətkarlardır. Radikal və ekstremist təmayüllü şəxslər nədən ABŞ-da və ya Avropada “cihadist” adlanırlar, Azərbaycanda isə “vicdan məhbusu” ?! Biz əminik ki, Amerika Birləşmiş Ştatlarında belə terror əməllərini törədənlər ədalət məhkəməsindən qaça bilməzlər. Sizi əmin edirik ki, ölkəmizdə mövcud olan tolerantlıq mühiti sözdə deyil, əməldədir.

Sizi Azərbaycan gerçəkliklərinə obyektiv reaksiya verərək, layihənin müzakirəsi zamanı bizim mövqeyimizi də nəzərə almağa və düzgün qərar verməyə çağırırıq!


00:14 25.12.2015
Xəbər lenti
Bütün xəbərlər