KANAL24.AZ
Az Iw En Ru

Təhsil eksperti: “Yüksəliş” kadr ehtiyatı bazasının formalaşmasında effektiv rol oynayacaq”

Risk və böhranın idarə edilməsi üzrə bacarığı olan kadrların müəyyənləşdirilməsi çox vacibdir

Karyerada yüksəlmək, idarəetmə bacarıqlarını hərtərəfli inkişaf etdirməklə, dövlət üçün dəyərli idarəedici kadra çevrilmək çoxlarının hədəfi olsa belə, onu müəyyən səbəblərdən reallaşdıra bilmir. Bu məsələdə yalnız subyektiv deyil, obyektiv, o cümlədən, dövlətin belə şəxslərə bir çox hallarda dəstək göstərməməsi kimi amillər də mühüm rol oynayır. Lakin insan resurslarının düzgün idarəedilməsi, ən bacarıqlı idarəedici mütəxəssislərin müəyyənləşdirilməsi inkişaf yolunu düzgün seçən ölkələr üçün mühüm məsələ olduğundan onlar mütəmadi olaraq bunun yollarını araşdırırlar.

Bu baxımdan, Azərbaycanda bacarıqlı idarəedici kadrların müəyyən edilməsi və ehtiyat kadr bazasının yaradılması üçün dövlətin dəstəyilə “Yüksəliş” müsabiqəsinin keçirilməsi olduqca mühüm əhəmiyyətə malikdir.  

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

İlk dəfə keçirilməsinə baxmayaraq, müsabiqəyə maraq hədsiz çox olub. “Yüksəliş”də iştirak üçün qeydiyyatdan keçən 11 760 nəfərin 9 775 nəfəri müsabiqəyə qəbul edilib ki, onların da 2339-u qadın, 7436-sı kişi olub. Müsabiqəyə qatılanların 40 faizini 21-30 yaşlı insanlar təşkil edib.

İmtahanların onlayn keçirilməsi isə iştirakçılara ona ölkənin istənilən məkanından, eləcə də, xaricdən qatılma imkanı verib. Müsabiqədə namizədin təkcə yüksək intellektual zəkası, qərar qəbuletmə, işin bölüşdürülməsi, risk və böhranın idarə edilməsi, diqqəti nəticələrə yönəltmək, büdcənin idarəedilməsi, strateji düşünmək bacarığı deyil, həm də psixoloji xüsusiyyətləri, kreativliyi yoxlanılır. Bunlar isə indiyədək heç bir imtahanda yoxlanılmadığı üçün müsabiqənin uğurlu tərəflərindən biri hesab edilir.

Azərbaycanda potensial idarəedici rəhbərlərin seçilməsində bir ilk olan “Yüksəliş”in yaratdığı imkanları analiz etməklə bu qənaətə gəlmək olar ki, bu müsabiqə yüksəlmək və özünü təkmilləşdirməyi hədəf seçənlər üçün uğurlu bir yoldur və yalnız səy göstərməklə bu yolun uğurlu sonuna maneə olmadan çatmaq olar. 

“Yüksəliş”in qaliblərini nə gözlədiyinə gəldikdə, ilk olaraq, qeyd edək ki, “Yüksəliş” müsabiqəsi əmək bazarında yüksəlmək istəyən hər bir peşəkar üçün irəliyə doğru böyük bir addımdır. 

Belə ki, müsabiqənin qalibi elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq.

Müsabiqənin qalibləri bir il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən  fərdi karyera məsləhətləri almaq imkanı qazanacaqlar.

“Yüksəliş” müsabiqəsinin qaliblərinin adları kadrların ehtiyat bazasına daxil ediləcək və onlar gələcəkdə idarəedici kimi işləyəcəklər.

Müsabiqəyə olan yüksək etimadın nəticəsidir ki, bəzi qurumlar artıq nəinki qaliblərlə, hətta finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini açıqlayıblar.

“Yüksəliş” müsabiqəsinin qaliblərinin dövlət qulluğuna imtahansız qəbul edilə bilməsinin mümkünlüyü da gözlənilən tədbirlər sırasındadır ki, bu da layihə qalibləri üçün əlavə üstünlüyün qazanılması deməkdir.

Təhsil eksperti Elçin Süleymanov bildirib ki, yaxşı kadrları irəli çəkmək üçün onların yalnız ali təhsil alaraq diplomlu olması vacib deyil. Buna görə də “Yüksəliş” kimi müsabiqələr keçirərək, ən bacarıqlı yaxşı idarəediciləri müəyyənləşdirmək üçün görülən tədbirlər çox alqışlanmalıdır.

Ekspert qeyd edib ki, ölkələrin çoxu bacarıqlı idarəedici kadr seçmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bəzi Avropa ölkələrində dövlət idarəetməsində çalışacaq şəxslər üçün dövlət qulluğuna qəbul imtahanı bir neçə mərhələdən ibarət olmaqla, daha çətin formada həyata keçirilir.

Dövlət bu mərhələlərdən keçən namizədlərin öz işini daha keyfiyyətli görə bilməsi üçün onları öz maliyyə dəstəyilə nüfuzlu universitetlərin təklif etdiyi ödənişli proqramlara, kurslara cəlb edir:

“Qərbi Avropa ölkələrində müsabiqələrdən uğurla keçən namizədlər müəyyən müddət ərzində təhsilə cəlb edilir, daha sonra onların arasından tədrisi ən yaxşı mənimsəyənlər seçilir. Bir sıra ərəb ölkələrində də dövlətin maliyyə dəstəyilə kadrların idarəedilməsi sahəsində həyata keçirilən təcrübə ölkəyə böyük fayda verir.

Neftin qiymətlərinin enməsinin iqtisadiyyata mənfi təsirini minimuma endirmək üçün neftlə zəngin olan ərəb ölkələrində bir sıra xüsusi idarəedici kadrlar kurslara göndərilir.

Onlar burada dövləti böhran vəziyyətindən çıxarmağa kömək edən bilik və bacarıqlar əldə edirlər. Onlar daha sonra bu bacarıqları hesabına ölkənin böhrandan çıxa bilməsi üçün çox müsbət reseptlər yaza bilirlər”.

E.Süleymanov hesab edir ki, bu baxımdan, Azərbaycan dövlətinin dəstək verdiyi “Yüksəliş” müsabiqəsinin keçirilməsi risk və böhranın idarə edilməsi üzrə bacarığı olan, strateji düşünə bilən ən yaxşı idarəedici kadrların müəyyənləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması baxımından çox əhəmiyyətlidir.

Bu addımı alqışlayan E.Süleymanov müsabiqənin tam şəffaf keçirilməsini, ona marağın çox olmasını, təqdim edilən sualların düzgün seçilməsini də olduqca müsbət dəyərləndirib:

“Müsabiqədə namizədin ümumi dünyagörüşü öyrənilir, ondan Azərbaycan dili, tarix, hüquq barədə məlumatlar soruşulur ki, bunlar da idarəedici məmur üçün çox əhəmiyyətlidir.

İkinci düzgün istiqamət isə müsabiqədə idarəedici şəxs üçün olduqca vacib olan vəziyyətdən çıxma bacarığının ölçülməsi ilə bağlıdır. Bu suallara ən yaxşı cavab verən namizədlərin arasından seçiləcək 20 nəfərin hər birinə 20 min manatlıq qrantın verilməsi, onun 10 min manatının qalibin peşə qabiliyyətinin inkişafına sərf edilməsi, həqiqətən, alqışlanan haldır. Çünki bəzi idarəetmə kurslarında iştirak üçün təyin edilən qiymət baha olur.

Buna görə də ali məktəbi bitirən hər məzun və ya hər məmur bu vəsaiti tapa bilmir. Dövlət belə şəxslərin peşəkar inkişafına 10 min manat investisiya yatırmaqla qaliblərə öz bacarıqlarını daha da artırmaq imkanı verir. Qaliblər artıq riskli vəziyyətlərdə peşəkarcasına idarəetmə bacarıqları əldə etdiklərinə görə yaxşı bir kadr kimi yetişəcək və ehtiyat kadr bazasına daxil ediləcəklər. Ehtiyat kadr bazasına daxil olanlar daha sonra peşəkar kadr kimi dəyərləndirilərək önə çəkiləcəklər”.

Son illər Prezident İlham Əliyevin sərəncamları ilə dünyagörüşü, qabiliyyəti və intellektual səviyyəsi yüksək olan gənclərin çox məsul vəzifələrə təyin edildiyini nəzərə çatdıran E.Süleymanov qeyd edib ki, bu baxımdan, “Yüksəliş”in kadr ehtiyatı bazasının formalaşmasında effektiv rol oynayacağını aydın görmək mümkündür:

“Artıq dünya üzrə tələblər dəyişdiyindən köhnə ənənələr ilə dövlətin idarəedilməsi çox çətindir. İdarəetmənin müasirləşdirilməsi sonda əhalinin rifah səviyyəsinin yüksəlməsinə xidmət edir.

Düşünürəm ki, dövlət “Yüksəliş” müsabiqəsinin sonunda seçiləcək namizədləri öz dəstəyi ilə yetişdirdikdən sonra həmin kadrlardan müxtəlif istiqamətlər üzrə səmərəli istifadə edə və bunun da effektivliyini görə biləcək”.


20:24 18.03.2020
Xəbər lenti
Bütün xəbərlər