KANAL24.AZ
Az Iw En Ru

Çeçenlər Yaşar Əliyevin kafesinə niyə hücum etdi? - Video

Moskvanın cənub-şərqində yerləşən kafedə atışma ilə müşayiət olunan kütləvi davanın səbəbləri bəlli olub.

Davaya səbəb kimi çeçenlərdən birinin yol verdiyi təhqir göstərilib. Azərbaycanlılar sözügedən şəxsi etdiyi hərəkətə görə kamera qarşısında üzr istəməyə məcbur ediblər. Həmin şəxs həmyerlilərinə şikayət etdikdən sonra isə kafeyə silahlı basqın olub.

Hadisə yerində ilk silah səsləri 22:50 radələrində eşidilib. Kafeni icarəyə götürən azərbaycanlı Yaşar Əliyevin sözlərinə görə, kafenin qonaqları arasında əvvəllər çeçenlərə rast gəlinməyib.

Yaşar Əliyev deyib ki, kafeyə 40-50 nəfər maskalı, travmatik tapançalı şəxslər daxil olub. Həmin vaxt məkanda 4-5 ailəli cütlük olub. Rezin güllələrdən atəş açıldığı üçün ciddi xəsarət alan olmayıb.

Tibbi yardım üçün yalnız bir nəfər - 49 yaşlı Arzu Mahmudov müraciət edib. O, həkimlərə öz adını söyləyən yeganə şəxsdir. Mahmudov sinəsindən yaralansa da, xəstəxanada qalmaqdan imtina edib.

Yaşar Əliyev isə hadisə vaxtı kafedə olmayıb. Hadisə ilə bağlı məlumat aldıqdan dərhal sonra məkana gəlib. Əliyev burada məkanın qarşısında saxladığı “İnfiniti” markalı maşınına da atəş açıldığının şahidi olub. Belə ki, çeçenlər maşının şüşələrinə və təkərlərinə atəş açıblar. Yaşar Əliyev kafeyə gələn zaman mübahisə artıq başa çatmış olub, polis hər yeri nəzarətə götürüb. Çeçenlər qaçıb, polis onlardan bəzilərini saxlamağa müvəffəq olub.

“Biz heç vaxt çeçenlərdən təhdid almamışıq. Nə baş verdiyini təsəvvürümə gətirə bilmirəm. Hadisəyə çeçenə həmyerlilərimin təhqirinin səbəb olduğunu eşidirəm, ancaq bu nə vaxt, harada olub, bilmirəm”, - Əliyev bildirib.

Qeyd edək ki, insident fevralın 14-ü saat 23:00 radələrində, Moskvanın Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində baş verib.

Hadisə zamanı azı 10 nəfər xəsarət alıb, hadisə ilə əlaqədar 20 nəfər saxlanılıb.

Kənardan müəssisəyə gələn çeçen mənşəli şəxslər kafedəki müştəriləri bayıra çıxartdıqdan sonra əllərində bıçaq və travmatik tapança ilə içəri daxil olublar. Davada təqribən 70-100 nəfər iştirak edib.

Atışma və kütləvi davadan sonra onlar hadisə yerindən avtomobillərlə qaçıblar. Canilər gedərkən müşahidə kameralarındakı qeydləri də özləri ilə aparıblar.

"Kafedəki silahlı insidentdən sonra rayon içində də atışma oldu. Azərbaycanlılar onları maşınlarla təqib edərək atəş açırdılar", - deyən hadisə şahidi Nəsimi Məmmədəliyev "Neolit" kafesinin dağıdıldığını və azərbaycanlıların əmlaklarına ciddi ziyan dəydiyini bildirib.

Daha sonra Moskvada yol kənarından hadisəni törədən şəxslərin minərək oradan uzaqlaşdığı iki avtomobil aşkar edilib. Avtomobillərdən biri taksi olub. Maşınlar təxliyyə edilib.


19:30 15.02.2019