KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı idmançı 2018-ci ilin ən yaxşısı seçilə bilər - VİDEO

Azərbaycanlı kikboksçu Orfan Sənanzadə 2018-ci ilin ən yaxşı idmançısı seçilə bilər.

Ukrayna vətəndaşlığı olan idmançı Beynəlxalq Ümumdünya Oyunları Assosiasiyası tərəfindən keçirilən səsvermədə “25-lik”dən finala vəsiqə qazanıb.

Ümumdünya Oyunlarının saytında keçirilən onlayn səsvermədə Orfan ilk “onluğ”a düşüb. Digər finalçılar bunlardır: Yunanıstanın qadınlardan ibarət həndbol komandası, Dmitri Jarkov – Olqa Kulikova cütlüyü (idman rəqsi, Rusiya), Patrik Tomas (fistbol, Almaniya), Dominik Fontenette (uçan disk, ABŞ), Marina Çernova – Georgi Pataraya cütlüyü (gimnastika, Rusiya), Sandra Sançes (karate, İspaniya), Svetlana Vinnikova (muaytay, Rusiya), Cenifer Tompson (pauerliftinq, ABŞ), Yanya Qarnbret (qayaya dırmanma, Sloveniya). 

Orfana səsvermək üçün bu linkə daxil olmaq lazımdır: www.theworldgames.org/awards/Athlete-of-the-Year-2018-58. Səsvermə yanvarın 31-dək davam edəcək. Hazırda Marina Çernova – Georgi Pataraya cütlüyü ilk sırada və Cenifer Tompson isə ikinci pillədə qərarlaşıb. Sənanzadə isə təxminən 30 min səslə üçüncü yerdədir.

Qeyd edək ki, Orfan Astara rayonunun Şahağacı kəndində doğulub. Ancaq onun dörd yaşı olanda valideynləri Ukraynanın Krivoy Roq şəhərinə köçüb.

Orfan Sənanzadə 2017-ci ildə Polşanın Vrotslav şəhərində keçirilmiş Ümumdünya Oyunlarında 63,5 kq çəki dərəcəsində qızıl medal qazanıb. O ötən ilin oktyabrında Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş kikboksinq üzrə Avropa çempionatının qalibi olub.


23:54 22.01.2019