KANAL24.AZ
Az Iw En Ru

İlham Şaban: İranın bəyanatları neftin qiymətinə təsir etmir

İranın OPEK iclası ərəfəsindəki bəyanatları neftin qiymətinin ucuzlaşmasına təsir etmir. 

Bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Oxu.Az-a bildirib. 

Onun sözlərinə görə, hazırda neftin qiymətinin ucuzlaşmasına 4 amil təsir göstərir:

“Hazırda müşahidə olunan ucuzlaşmaya Çin iqtisadiyyatında baş verən geriləmələr, Avropanın cari ilin III rübü ilə əlaqədar açıqladığı statistik məlumatlar, ABŞ-ın neft ehtiyatlarının həcmi barəsində yaydığı informasiyalar nəhayət, OPEK-in dekabrın 4-də çıxaracağı yekun qərar təsir göstərir”, - deyə İ.Şaban deyib. 

Energetika üzrə mütəxəssis qeyd edib ki, faktiki olaraq son 10 gündə neftin qiymətləri stabildir:

“Noyabrın 24-də Türkiyənin Rusiyaya məxsus Su-24 təyyarəsini vurması nəticəsində yaranan gərginlik birdən-birə neftin qiymətini 2 dollar bahalaşdırdı. Sonrakı 2 gündə isə qiymətlərdə ucuzlaşma müşahidə edildi. Faktiki olaraq isə son 10 gündə neftin qiymətləri stabildir. 44 dollar ətrafında alınıb satılır”.

İ.Şaban deyib ki, OPEK-in dekabrın 4-də gözlənilən iclasında hasilatın azalacağı ilə bağlı qərar qəbul ediləcək:

“OPEK-in gözlənilən iclasında hasilatın azaldılacağı ilə bağlı qərar qəbul olunacaq. Ancaq kvotanın nə qədər aşağı salınması - bu, bir qədər mübahisəlidir. Çünki kvota 670 000 min barel, ya da 1 milyondan bir qədər çox da aşağı salına bilər. Yəni, kvota sabit qalmayacaq”.

İlham Şaban onu da əlavə edib ki, inkişaf etmiş ölkələrin Ümumi Daxili Məhsul (ÜDM) ilə bağlı açıqladığı rəqəmlər də bazara təsir edən faktorlardan biridir. 

Qeyd edək ki, bir müddət əvvəl Bloomberg yazırdı ki, İranın OPEK-in iclası ərəfəsindəki bəyanatları nefin qiymətini ucuzlaşdırır. 


19:00 03.12.2015
Xəbər lenti
Bütün xəbərlər