KANAL24.AZ
Az Iw En Ru

İtaliyalı jurnalist Azərbaycanda mövcud multikultural mühitlə bağlı təəssüratlarını bölüşüb

İtaliyanın “Opinione Publica” xəbər saytında Bakıda səfərdə olan italiyalı jurnalist Ciuliano Bifolkinin “Azərbaycan multikulturalizmi ölkənin əsas güc elementi kimi” sərlövhəli yazısı yerləşdirilib.

Ölkəmizdə şahid olduğu multikultural mühiti italiyalı oxucularla bölüşən müəllif yazır: “Bu gün multikultural cəmiyyətlər artıq nağıl deyil, reallıqdır. Son illər Avropanın üzləşdiyi böyük miqrasiya dalğası İtaliyanın da multikultural bir ölkəyə çevrilməsi ilə nəticələnib. Lakin təəssüf ki, İtaliyada bu məfhumun institusional səviyyədə tənzimlənməsi müşahidə olunmur. Daha açıq desək, İtaliya tamamilə multikultural bir cəmiyyətə sahib olmağa hazır deyil. Ümumiyyətlə multikulturalizm anlayışından danışanda bu məfhumun Azərbaycan modelinə nəzər salmaq yerinə düşərdi. Bu ölkədə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri, etnik azlıqlar harmoniya halında yaşayırlar”.

Müəllif fikirlərinə bu sözlərlə davam edir: “Azərbaycanda mövcud multikultural ənənələrin təbliği və bu modelin tədrisi məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis olunub. Mərkəz Azərbaycanın Təhsil Nazirliyi və Bakı Slavyan Universiteti (BSU) ilə birlikdə bu ölkənin multikulturalizminin İtaliya, Bolqarıstan, Belarus, Rusiya, Gürcüstan, Portuqaliya, Latviya, Çexiya kimi ölkələrdə tədrisi prosesinə başlayıb. Romada La Sapienza Universitetində artıq BSU-nun dosenti İrina Kunina tərəfindən Azərbaycan multikulturalizmi tədris olunur”.

Məqalədə İrina Kuninanın da fikirlərinə yer verilib: “Bu dərslər keçirilənədək italiyalı tələbələrin Azərbaycan haqqında daha çox Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ya enerji layihələri baxımından məlumatlı idilər. Lakin mühazirələrə qatıldıqca onlar Azərbaycanın tarixi, sosial-mədəni həyatı ilə daha yaxından tanış oldular və bu ölkədəki tolerant mühiti öyrənmək imkanı əldə etdilər”.

Dərslərə qatılan La Sapienza Universitetinin tələbəsi Françeska Ecuastre müvafiq layihənin iştirakçısı olmaqdan məmnun olduğunu, mühazirələrə böyük maraqla qatıldığını deyib. Qeyd olunanlarla bağlı Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının prezidenti, professor Daniel Pommier də fikirlərini bölüşüb. O vurğulayıb ki, belə bir layihənin reallaşması Azərbaycanda mədəniyyət, humanitar, ədəbiyyat, tarix, elm kimi sahələrin müxtəlif aspektlərini təhlil etməyə yardımçı olur.

C.Bifolki, eyni zamanda, Bakıya səfəri çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub və qurumun nümayəndələri ilə ölkəmizdə mövcud multikultural mühit, müvafiq sahənin hüquqi aspektləri, Azərbaycanda yaşayan müxtəlif xalqların mədəni, dini hüquqlarının qorunması istiqamətində tənzimlənmə mexanizmi kimi mövzular ətrafında söhbət aparıb. Mərkəzin şöbə müdiri Nəriman Qaşımoğlu bildirib ki, Azərbaycanda tarixin bütün dövrlərində müxtəlif millətlər bir arada yaşayıb. Ölkəmiz bu çoxmillətlilik mühitindən heç vaxt narazı olmayıb, əksinə müxtəlif sivilizasiyaların qovuşduğu məkan rolunu oynayıb. Təmsil etdiyimiz qurum da Azərbaycanda mövcud multikulturalizmin və dini pluralizmin qorunmasına xidmət edir. Bakıda məscidlərlə yanaşı, kilsə və sinaqoqlar da fəaliyyət göstərir. Bu, bizim bütün dinlərə hörmətlə yanaşdığımızı, ölkəmizin fərqli mədəniyyətlərə qucaq açdığını göstərir.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma


23:25 08.11.2015