KANAL24.AZ
Az Iw En Ru

“Yeni Yurd”-un seçkilərə qatılmamaq səbəbi açıqlandı

"Siyasi kürsüdə əyləşməkdən daha çox kimsəsiz insanların yanında olmağı üstün bilirəm"

 

Ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan qeyri-hökümət təşkilatlarından biri də “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyidir. 10 ildir fəaliyyət göstərən bu təşkilata sahibkar, xeyriyyəçi  xanım Mahirə Əsədova rəhbərlik edir. Yeni Yurd təşkilatı müxtəlif tip dövlət tədbirləri, Ulu öndər Heydər Əliyevə həsr edilən konfransların reallaşdırılması, hərbi hissələrdə əsgərlərlə görüşlərin təşkil edilməsi, konsert proqramlarının verilməsi, xeyriyyə aksiyaları, elm xadimlərinə həsr olunan gecələrin keçirilməsi və onlara mükafatların təqdim olunması kimi işləri hər zaman böyük zövqlə həyata keçirir. Bundan əlavə təşkilat kimsəsiz, qayğıya möhtac insanları sevindirir, onlara bayram sovqatları paylayır. Zənnimcə bu iş Mahirə Əsədovanın həyat fəlsəfəsini təşkil edir. Ən əsası da odur ki, Yeni Yurd-un bütün tədbirləri daxili maliyyə imkanları hesabına reallaşır. Yəni ki, bu təşkilat heç bir qrumdan maliyyələşmir.

Bildiyimiz kimi 1 noyabr ölkəmizdə parlament seçkiləridir. Və bu seçkilərə də hazırlıq yüksək səviyyədə həyata keçirilir. Ümid edirik ki, demokratik şəraitdə keçiriləcək seçkilər ölkənin siyasi həyatında önəmli yer tutacaq. Və xalqımız adına dəyərli işlər görən şəxslər Milli Məclisdə təmsil olunacaqlar.

Kanal24 kollektivi olaraq hesab edirdik ki, hər zaman xeyriyyə tədbirləri keçirən, əməli işlərlə insanlar arasında hörmət qazanan Yeni Yurd təşkilatının sədri Mahirə xanım Əsədova noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə öz namizədliyini verəcək. Ancaq belə olmadı. Gözləntilərimizin əksinə olaraq Mahirə Əsədova namizədliyini irəli sürmədi.

Bu baxımdan Mahirə xanımla həmsöhbət olduq

M. Əsədova ona ünvanladığımız sualları cavablandıraraq dedi ki, Yeni Yurd təşkilatının missiyasını xeyriyyə tədbirləri təşkil etmək, fiziki məhdudiyyətli insanlara yardım etmək, kimsəsiz və qayğıya möhtac insanları sevindirmək təşkil edir: “ 10 ildir ki, xeyriyyə işləri görürəm. Təşkil etdiyimiz bütün xeyriyyə aksiyaları yüksək mənəvi ideallara ən gözəl örnəkdir. Mən hər zaman dövlətçilik ənənələrinə sadiq qalmışam. Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləmişəm. Ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas hədəflərindən biri də uşaq evlərinə, internatlara və ümumiyyətlə, qayğıya möhtac şəxslərə hər zaman dəstək olmaqdır. Bizdə bu missiyadan çıxış edərək müxtəlif növ tədbirlər təşkil edərək diqqət və qayğıya möhtac vətəndaşlarımıza hədiyyələr verir, bayram süfrələri açaraq onları sevindiririk deyə, -Mahirə Əsədova bildirib.

Təşkilat sədri ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən parlament seçkilərindən söz açıb və seçkiyə qatılmamaq məsələsinə də aydınlıq gətirib

 

"Mənim yüksək vəzifələrdə gözüm yoxdur"

Mahirə Əsədova deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən ölkəmiz bu gün ictimai-siyasi hadisə olan parlament seçkiləri ərəfəsindədir: “Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən çox mühüm dəyişikliklər, yüksəliş ölkəmizdə həyata keçirilən dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 12 il ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini daha da sürətləndirib, cəmiyyətimizin demokratikləşdirilməsi sahəsində böyük uğurlara imza atılıb. Demokratik, sabit ölkələrdə seçkilərin yüksək səviyyədə keçirilməsində ictimai-siyasi vəziyyət şərtləndirici amillərdir. Hesab edirəm ki, parlament seçkilərində layiqli namizədlər seçilərək, xalqımız adına uğurlu işlər görəcəklər. Parlament seçkilərinə namizəd kimi qatılmamağımın müxtəlif səbəbləri var. Düşünürəm ki, həyata keçirdiyim tədbirlər, xeyriyə aksiyaları reklam olunmaq xətrinə deyil. Mənim yüksək vəzifələrdə gözüm yoxdur. Kimsəsiz insanları sevindirmək, onların yanında olmaq, qayğıya möhtac olan şəxslərin problemlərinin həllində əməli işlər görmək həyat kredomdur. Elə bu səbəbdən  hansısa siyasi kürsüdə əyləşməkdən daha çox kimsəsiz insanların yanında olmağı üstün bilirəm”deyə, Mahirə Əsədova qeyd edib.

 

Hörmətli oxucular, Mahirə xanım Əsədovanın həyata keçirdiyi bütün xeyriyyə tədbirlərini aşağıda qeyd etdiyimiz linkdən izləyə bilərsiniz!

 

http://kanal24.az/?m=bolme&id=25

 

Fotoları təqdim edirik!

 

 

 

 


Müəllif: Tural Əhmədov
23:38 15.10.2015
Xəbər lenti
Bütün xəbərlər