KANAL24.AZ
Az Iw En Ru

Yeni Yurd ənənəsinə sadiq qaldı- Kimsəsizlər sevindirildi

Oktyabrın 5-də Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin 1 saylı psixonevroloji Sosial Xidmət Müəssisəsində daimi yaşayan şəxslərə qonaqlıq süfrəsi açılıb.

Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə xanım Əsədova Kanal24-ə açıqlamasında deyib ki, rəhbərlik etdiyi təşkilat ənənəsinə sadiq qalaraq yenə də kimsəsiz insanların yanındadır: "Bu işləri görməkdə əsas məqsədimiz kimsəsiz insanları sevindirməkdir. Dövlətimiz hər zaman bu tip insanlara diqqət və qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun əsas hədəflərindən biri də uşaq evlərinə, internatlara və ümumiyyətlə, qayğıya möhtac şəxslərə hər zaman dəstək olmaqdır. Bizdə bu missiyadan çıxış edərək müxtəlif növ tədbirlər təşkil edərək diqqət və qayğıya möhtac vətəndaşlarımıza hədiyyələr verir, bayram süfrələri açaraq onları sevindiririk"- deyə, Mahirə Əsədova bildirib.

Tədbirdə çıxış edən şəxslər Yeni Yurd təşkilatının bu yönümdə olan fəaliyyəti alqışlayıb, yeni-yeni uğurlar arzulayıblar.

Qonaqlıq süfrəsindən sonra  1 saylı psixonevroloji Sosial Xidmət Müəssisəsində daimi yaşayan şəxslər üçün müğənni Nadir Qafarzadənin ifasında mahnılar səsləndirilib. Fiziki qüsurlu şəxslər musiqi sədaları altında rəqqasə Fatimə ilə birlikdə rəqslər edərək əyləniblər.

 

Tədbirdən hazırlanan video-sujeti Kanal24-də izləyə biləcəksiniz. Tezliklə....


22:42 05.10.2015
Xəbər lenti
Bütün xəbərlər