KANAL24.AZ
Az Iw En Ru

Deputat su israfçılığından şikayətləndi

Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 26-da ilk iclası keçirilib.

Adıçəkilən komitənin sədri Eldar İbrahimov bildirib ki, hesabat dövründə komitənin beş iclası olub, 17 məsələ, o cümlədən, 13 qanun layihə müzakirə olunaraq, plenar iclaslara tövsiyə edilib.

Onun sözlərinə görə, hesabat dövründə vətəndaşlardan komitəyə 70 şikayət, ərizə və müraciət daxil olub və onlardan bir çoxu həllini tapması üçün aidiyyəti qurumlara göndərilib.

Komitə sədri bildirib ki, 2018-ci il qanunvericilik işləri planında “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi var ki, onun may ayında müzakirələrə çıxarılması gözlənilir:

“Əslində, bu sənəd ötən ilin dekabr ayında başa çatdırılıb, müzakirələrə təqdim olunmalı idi. Amma bu, mümkün olmadı. Kənd Təsərrüfatı Nazirliyi bu sənədi həmin müddətdə hazırlayıb başa çatdıra bilmədi. Odur ki, bu sənədin tam şəkildə hazırlanıb, may ayında müzakirələrə çıxarılması nəzərdə tutulur”.

E. İbrahimov iclasın gündəliyinə salınan “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişikliklər barədə məlumat verərək deyib ki, burada “pullu” sözünün “ödənişli” sözü ilə əvəzlənməsi təklif olunur.

Adıçəkilən komitənin sədr müavini Eldar Quliyev də çıxışında məlum dəyişikliyə toxunaraq deyib ki, bu, su ilə bağlı məsələdə israfçılığa son qoyacaq:

“Çünki özümüz də şahidik ki, məhsul-yığım mövsümü zamanı su ilə bağlı hansı problemlər yaranır. Sudan bəzən başqa sahələr və məqsədlər üçün istifadə edilir, fermerlər, sahibkarlar isə çıxılmaz durumda qalırlar. Ona görə də bu dəyişiklik su israfçılığının qarşısını alacaq”. 

Komitənin üzvü Aydın Hüseynov isə çıxışında bank sektoru qədər sığorta sektorunun da mühüm önəm daşıdığını bildirib:

“Bəzi ölkələrdə sığorta sektoru o qədər inkişaf edib ki, bank sektorunu da üstələyib. Bu baxımdan, kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında qanun layihəsi vacib sənəddir. Yəni, kənd təsərrüfatında da sığortanın stimullaşdırılması tətbiq olunmalıdır və bunun üçün də ilk növbədə güclü qanunvericilik bazası olmalıdır. Odur ki, yeni qanun bu məsələyə öz töhfəsini verə bilər və verəcək”.


23:46 26.01.2018
Xəbər lenti
Bütün xəbərlər