KANAL24.AZ
Az Iw En Ru

Deputat İvanka Trampın vəsf etdiyi qubalı qızdan danışdı

Qubadan seçilmiş millət vəkili Vahid Əhmədov ABŞ prezidentinin qızı, eyni zamanda, müşaviri olan İvanka Trampın Hindistanda keçirilən bir beynəlxalq konfransda fəxrlə təqdim etdiyi azərbaycanlı qız Reyhan Camalova ilə bağlı Moderator.az-a açıqlama verib. 

Millət vəkilinin bildirdiyinə görə, Reyhan Camalova Qubanın Alpan kəndindəndir: "Bəzən deyirlər ki, dünya hansısa məşhur alimin əməyini məhz müsəlman olduğuna görə düzgün qiymətləndirmir və hətta son dövrlər Nobel mükafatının müsəlman dünyasından olan alimlərə qəsdən verilməməsi barədə mediada, cəmiyyətdə çoxsaylı müzakirələrin şahidi oluruq. Təbii ki, dünya bütün mənalarda ikili standartların əsirinə çevrilib və bu cür iddialarda da həqiqət payı var. Amma gördünüz ki, Qubanın bir dağ kəndində doğulmuş 15 yaşlı Reyhan, sözün həqiqi mənasında, dünyaya səs salmağı bacarıb. Kim bilir, bəlkə, sabah elə onun özü bəşəriyyəti xilas edəcək, dünyanı bir əsrdir ki, təlatümdə saxlayan enerji müharibələrindən qurtaracaq bir kəşfə imza atacaq. O zaman onun adı təkcə Nobel mükafatıçısı kimi deyil, insanlığı xilas edən bir xilaskar alim kimi də tarixə düşəcək.

Açığı, mən çox qürur duydum və Reyhanın bu uğuru məni xeyli kövrəltdi. Gənclərimizə demək istəyirəm ki, istetad heç zaman itmir və inadkarlıq, təşəbbüskarlıq göstərən hər kəs gec-tez özündən söz etdirə biləcək. Reyhanın bu uğuru bir daha göstərdi ki, azərbaycanlılar dünyanın ən istedadlı xalqları sırasındadır və dünyanı heyərtləndirməyə qadir istedadlı insanlarımız az deyil. Bir daha bütün Quba camaatının timsalında xalqımızı təbrik edirəm, Reyhana uğurlar arzulayıram. Hamımız intizarla ondan yeni-yeni möhtəşəm uğurlar gözləyirik".


18:34 30.11.2017
Xəbər lenti
Bütün xəbərlər