KANAL24.AZ
Az Iw En Ru

Bardakı sevgilisini bıçaqlayan şəxs etiraz etdi: "İfadələrimi dəyişdiriblər"

Özündən 23 yaş kiçik olan sevgilisini öldürməyə cəhddə təqsirləndirilən 1966-cı il təvəllüdlü Cəbrayıl Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Kanal24 lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Anket məlumatlarında qeyd edilib ki, Cəbrayıl Mustafayev ali təhsillidir. Həmçinin 2012-ci ildə qəsdən adam bıçaqlamaqda təqsirləndirilərək 3 il müddətində azadlıqdan məhrum edilib. 3 il cəzasını çəkdikdən sonra azadlığa çıxıb. Ailəlidir.
 
Təqsirləndirilən şəxs məhkəmədə vəsatət verərək işin istintaqa qaytarılmasını istəyib: "Mənim verdiyim ifadələrin hamısı dəyişdirilib. İşimi ağırlaşdırıblar. Ona görə də geri qaytarılmasını tələb edirəm". 
 
Hakim bildirib ki, bu məsələ məhkəmənin hazırlıq iclasının predmeti olmadığından vəsatət baxılmamış saxlanılır. 
 
Zərərçəkən şəxs qismində Raziyyə Verdiyeva tanınıb. 1989-cu il təvəllüdlü olan qadın subaydır, 1 azyaşlı övladı var.
 
Anket məlumatları dəqiqləşdirilib. 
 
Məhkəmə baxışı noyabrın 6-a təyin edilib.
 
Qeyd edək ki, hadisə bu il Səbail rayonunda baş verib. Şəhər sakini Cəbrayıl Mustafayev əvvəllər qeyri-rəsmi münasibətdə yaşadığı Raziyyə Verdiyevanı öldürmək niyyəti ilə  bıçaqla zərbələr vurub. Lakin hadisə yerində olan şəxslərin səyi nəticəsində 28 yaşlı qadın xəstəxanaya çatdırılaraq xilas edilib.
  
Bildirilir ki, Raziyyə ilə Cəbrayılın qeyri-rəsmi münasibətlərindən azyaşlı övladları var.
 
Məlumata görə, Raziyyə övladını uzun müddət Cəbrayıl Mustafayeva göstərmirmiş. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb və bu hadisə baş verib. 
 
Zərərçəkmiş şəxs Bakıda fəaliyyət göstərən barların birində işləyib.
 
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 29.120 (öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.


20:42 30.10.2017
Xəbər lenti
Bütün xəbərlər