KANAL24.AZ
Az Iw En Ru

Müharibə veteranından nazir qardaşı ilə bağlı müraciət

Kanal24 Oxu.az-a istinadən xəbər verir ki,Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əllikram Camalovun kasıb bir vətəndaş olan, Qarabağ müharibəsi veteranı Samir Nəbiyevlə məhkəmə çəkişməsi ictimaiyyət tərəfindən diqqətlə izlənilməkdədir.

Nazir qardaşı kiçik piştaxtada alver edən biri ilə şərik olub?

Sadəcə, xatırladaq ki, Əlikram Camalov bir müddət əvvəl şəriki kimi təqdim etdiyi Samir Nəbiyevdən şikayətçi olub. Onun Nərimanov Rayon Polis İdarəsinə müraciəti araşdırıldıqdan sonra Nərimanov rayon prokuroru Vüqar Əliyev tərəfindən 12 yanvar 2017-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

İttihama görə, S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş…

İttiham aktına görə, Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq devalvasiyadan sonra S.Nəbiyevin  biznesi iflasa uğrayıb və Ə. Camalovun pulunu qaytara bilməyib. Nazir qardaşı da dələduzluqla üzləşdiyini iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib və cinayət işinin başlanılmasına nail olub.

Cinayət işi araşdırıldıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə prokuror Samirə 9 il cəza istəyib.

Elə Qarabağ müharibəsi veteranı, 1992-1997-ci illərdə cəbhəyə könüllü şəkildə gedərək düşmənlə vuruşmuş, Ümummilli lider Heydər Əliyev tərəfindən “Şah İsmail Xətai” adına Fəxri Fərmanla təltif edilmiş Samir Nəbiyev də Ə. Camalovun şikayəti əsasında irəli sürülən ittihamların doğru olmadığını söyləyir. O, saytımız vasitəsilə prezident İlham Əliyevə, I Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edərək, kömək istəyir.

“Əlikram Camalovdan pulu aylıq 10 faiz ilə götürmüşdüm”

Əslən Gədəbəy rayonundan olan Samir Nəbiyevin sözlərinə görə, 2013-cü ildən “Nəsimi” bazarı yaxınlığındakı Ticarət Mərkəzində piştaxta böyüklükdə kiçik bir mağaza icarəyə götürüb, işlədib. Həmin mağazada topdansatış mərkəzlərindən alıb gətirdiyi elektrik avadanlıqları, əsasən də, lampalar satıb. Əlikram Camalovu isə 2015-ci illərin ortalarından tanımağa başlayıb: “Əlikram Camalovu müştərim kimi tanımışam. Tez-tez gəlib, məndən elektrik avadanlıqları alırdı. Münasibət də buradan yaranıb. Söhbətlərimiz zamanı mənə bildirmişdi ki, bəzi adamlara işlərini genişləndirmək üçün pul verir”.

Samir Nəbiyevin sözlərinə görə, bir müddət sonra alverini bir qədər genişləndirmək istədiyindən, Əlikram Camalovun ofisinə gedərək ona pula ehiyacı olduğunu deyib: “Ondan əvvəlcə 10 min, sonra da 8 min, ümumilikdə 18 min manat aldım. Pulu aylıq 10 faiz ilə götürmüşdüm. Bəzi aylar 1500, bəzi aylar 1700 manat ödəyirdim. Beləcə, bir müddət ödədim. Anaq 2015-ci ilin dekabrında devalvasiya oldu. Mallar bahalaşdı, çətinliklər, problemlər yarandı, alış-veriş çox zəiflədi. Amma həmin ərəfədə də Əlikram Camalova pul verirdim.

Pula ehtiyacım yarandığından, yenidən ondan pul istədim. Bu dəfə dollarla verdi – 2500 dollar. Qarşılığında isə hər 10 gündən bir 700 dollar istədi. Məcbur razılaşdım. 20 gün ərzində Əlikram Camalova 1500 dollar verdim. Ümumilikdə ona 5 min manat və 1500 dollar pul qaytardım. Ancaq alver o qədər zəiflədi, malların qiyməti elə qalxdı ki, gündəlik xərclərimi belə ödəyə bilmədim. Getdim Əlikram müəllimin yanına ki, belə bir vəziyyət yaranıb. Dedim, işləyə bilmirəm, məndə olan malları götür, borcunu bağlayaq. Mayasından da aşağı qiymətə verirdim. Razılaşmadı, dedi, pul gətir. Bundan sonra da 1-2 ay işlədim, bir qədər də ziyana getdim, tamamilə iflasa uğradım. Məcbur olub, alveri dayandırdım. Yenə getdim yanına ki, bir az mal qalıb, borcumun əvəzinə onu verim. Razılaşmadı. Mən də malların bir hissəsini borclu olduğum mağazalara qaytardım, bir hissəsini dəyər-dəyməzinə satdım, bir hissəsini də nisyə payladım. Amma Əlikram Camalovun borcunu qaytara bilmədim. Ancaq özünə də bildirdim ki, borcumu qəbul edirəm, iş tapan kimi az-az qaytaracam. Hətta dedim ki, məni işlə təmin etsin, yavan çörək versin, borcu bitənə qədər, qapısında işləyim.”

“Atamın yası günü məni polis bölməsinə apardılar”

Samir Nəbiyev deyir ki, bu dövrdə atası rəhmətə getdiyindən, başı onun yasına qarışıb: “Rayonda atamı basdırdıq, yas verdik. Sonra gəldim, burada da cümə günü yas verirdik. Elə həmin gün 17-ci Polis Bölməsinin Nicat adlı sahə müvəkkili və köməkçisi gəldi ki, getməliyik. Dedim, yasdan sonra gələrəm, razılaşmadılar. Məcbur qalıb, yası yarımçıq qoyub, getdim. Məndən izahat alıb, buraxdılar. Sonra iş tapa bilmədiyimdən, Bakıda qala bilməyib kəndə köçdüm. Gedəndə də köçən kimi sahə müvəkkilinə zəng edib bildirdim ki, kənddəyəm, lazım olsa, burada da polisə izahat verə bilərəm. Bir müddət sonra rayonun Saratovka kəndinin polis bölməsinin rəisi zəng etdi ki, bura gəlməlisən. Bölməyə gəldikdən sonra dedi, rayonda rəis səni çağırır. Gələndə gördüm ki, Bakıdan gələn sahə müvəkkili və 2 əməliyyatçı məni gözləyir. Dedilər ki, sənin haqqında həbs-qətimkan tədbiri seçilib, bizimlə getməlisən. Dedim, axı mənə heç bir çağırış gəlməyib. Heç bir izahat vermədən məni gətirdilər Nərimanov rayon Polis İdarəsinə. Orada da baş müstəntiq 48 saat həbs verdi. Ondan sonra Nərimanov rayon Məhkəməsinə aparılaraq, barəmdə həbs-qətimkan tədbirinin seçilməsi istənildi. Ancaq hakim bunu təmin etmədi.

Bundan sonra istintaq aparıldı, mən də getdim kəndə. İyun ayında Bakı Ağır Cinayətlər Məhkəməsindən zəng etdilər ki, məhkəmən başlayır, gəl. Ondan sonra da nə vaxt çağırıblar, gəlmişəm”.

Samir Nəbiyev nazir qardaşı ilə şərik olmasına dair iddiaların da doğru olmadığını deyir: “Əlikram müəllim kim, mən kim. O, böyük əraziləri, təsərrüfatı, əmlakları olan bir adamdır. Mən isə kasıb bir vətəndaş. Bizim nə şərikliyimiz ola bilər. Sadəcə, mən ondan sələmə pul götürmüşdüm, belə problemlə üzləşdim. Özü də bu, tək mənim başıma gəlməyib. Onun ofisində olanda stolunun üstündə nə qədər əmlakın, evlərin “kupçasını” görmüşəm. Özü deyirdi ki, pul vermişəm, evinin, obyektinin sənədini almışam. Yəni, Əlikram müəllim bu işlə məşğuldur.”

Samir Nəbiyevin sözlərinə görə, bu müddət ərzində dəfələrlə Əlikram Camalova zəng edərək, ona yalvarsa da, xeyri olmayıb: “ Deyirəm, iş ver, yavan çörək ver, gəlim işləyim. Borcunu ödəyim. Mən də istəmərəm ki, kiməsə borclu qalım. Ancaq razılaşmayıb. Bir ara dedi ki, vəkildən imtina elə. Mən də həmin vaxt vəkilim Ceyhun Yusifovdan imtina etdim. Sonra zəng edəndə əvvəl dedi, Gürcüstandayam, gələrəm, baxarıq. Sonra da bildirdi ki, ödəniş olmasa, mümkün deyil. Mənim də bu saat nə işim var, nə də gəlirim ki, həmin pulu ödəyim.”

Samir Nəbiyevin vəkili Ceyhun Yusifov bildirdi ki, müvəkkilinə verilən ittiham tam əsassızdır : “Samir Nəbiyevin fəaliyyətində heç bir ictimai təhlükəli əməl yoxdur. Əlikram Camalov özü deyir ki, pulu faizə yox, borca verib. Borc almaqda hansı ictimai təhlükəli əməl var? Nazir qardaşından borc almaq təqsirləndirilən şəxsin əməlini ictimai təhlükəli əməl edir? Biz dəfələrlə çalışdıq ki, məsələni razılıqla həll edək. Amma alınmadı, qarşı tərəf razılaşmadı. Ona görə də ölkə rəhbərliyinin, ictimaiyyətin diqqətini bu işə yönəltmək istəyirəm. Ədalətli qərarın çıxarılması üçün bu, çox vacibdir”.

Ceyhun Yusifov bildirdi ki, bu işə tam təmənnasız çıxır: “Bu adam çox imkansız bir adamdır. Himayəsində iki azyaşlı uşağı var, həyat yoldaşı xəstədir. Bakıya gələndə qalmağa yeri, pulu olmadığından küçələrdə, bazarlarda, həmyerlilərinin yanında, piştaxtalarda yatır. Yəni, bu qədər imkansız vəziyyətdədir. Özü Qarabağ müharibəsi veteranıdır. Uzun müddət cəbhədə vuruşub, vətəni qoruyub”.

Ceyhun Yusifov bildirdi ki, ölkə rəhbərliyi vəzifəli şəxslərdən, onların yaxınlarında vətəndaşların qayğısına qalmağı xahiş edir: “Niyə buna əməl etmirlər? Mən də ölkə prezidentindən bu işi nəzarətə götürməsini xahiş edirəm. Eyni zamanda, ictimaiyyəti, mətbuatı yekun məhkəmə prosesində iştiraka çağırıram.


20:24 22.08.2017