KANAL24.AZ
Az Iw En Ru

Füzulidə barama istehsalı 8 dəfə artıb

Horadiz şəhərindəki Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə avqustun 4-də Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr edilmiş respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr müzakirə edilib.

Barama istehsalçılarının, fermerlərin, kənd inzibati ərazi nümayəndələrinin, bələdiyyə sədrlərinin və aidiyyəti qurumların rəhbərlərinin iştirak etdiyi toplantıda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev məruzə ilə çıxış edərək, respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən bəhs edib, bu sahədə rayonda görülən işlərdən və qarşıda duran məsələlərdən danışıb. O bildirib ki, ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi füzulililər tərəfindən böyük sevinclə qarşılanıb. Rayon kümçüləri tərəfindən 2016-cı ildə 3 tondan artıq barama istehsal edilib, 42 min ədəddən artıq tut tingi əkilib. Cari ildə rayonda 207 kümçü tərəfindən qısa müddətdə 25 tona yaxın çox keyfiyyətli yaş barama istehsal olunub, bu da əvvəlki illə müqayisədə 8 dəfə çoxdur. İki aydan az müddətdə barama istehsalına görə rayona 220 min manata yaxın vəsait daxil olub. Həmçinin əhalinin məşğulluğu təmin edilib, 1200 nəfərdən çox insan mövsümü işə cəlb edilib. Növbəti ildə rayonda barama istehsalının artırılması üçün tədbirlər görülməsinə başlanılıb.

Tədbirdə çıxış edənlər baramaçılığın, pambıqçılığın inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən danışıb, təkliflər irəli sürüblər. Vurğulanıb ki, füzulililər rayonda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın, pambıqçılığın inkişaf etdirilməsi, torpaqların təyinatına uyğun tam istifadə edilməsi, məhsuldarlığın artırılması üçün bütün qüvvələrini səfərbər edəcəklər.


19:04 22.08.2017