KANAL24.AZ
Az Iw En Ru

Erməni təxribatı dünya gündəmində - VİDEO

Ermənistan hərbi birləşmələrinin iyulun 4-də son təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi beynəlxalq ictimaiyyətdə ciddi əks səda doğurub.

Kanal24 bildirir ki, dünyanın aparıcı media orqanları hadisəni obyektiv işıqlandıraraq, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar yayıblar.

Dünyanın ən nüfuzlu media qurumlarından olan BBC-nin yaydığı məlumatda qeyd edilir ki, iyulun 4-də erməni hərbçilərinin Azərbaycanın Alxanlı kəndini atəşə tutması nəticəsində körpə uşaq və onun nənəsi həlak olub.

''Zorakılıq hadisəsi çərşənbə axşamı Dağlıq Qarabağ yaxınlığında Füzuli rayonunun Alxanlı kəndində baş verib. Ölən körpə uşağın adı Zəhra Quliyevadır. Həlak olan nənəsi ilə yanaşı daha bir qadın da ağır yaralanıb. Zorakılığın qurbanları olan körpə uşaq və nənəsi kənd qəbirstanlığında yanaşı dəfn ediliblər ''- deyə məlumatda qeyd edilir.

Röyters informasiya agentliyi Füzulidə baş verənlərə biganə qalmayıb. Beynəlxalq xəbər agentliyinin yaydığı məlumata əsasən, erməni silahlı qüvvələrinin kəndi atəşə tutması nəticəsində biri körpə uşaq olmaqla iki mülki şəxs öldürülüb, bir nəfər də yaralanıb. Röytersin məlumatında zorakılıq hadisəsinin məhz erməni hərbçiləri tərəfindən törədildiyi aydın şəkildə qeyd edilib. Agentlik məlumatı Azərbaycan Müdafiə Nazirliyinə istinadən yaydığını qeyd edib.

ABŞ-ın Assoşeyted Press agentliyi də zorakılıq hadisəsi ilə bağlı məqalə dərc edib. Orda qeyd edilib ki, 2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin öldürülməsi sosial şəbəkələrdə böyük səs- küyə səbəb olub. Məqalədə vurğulanır ki, beynəlxalq vasitəçilər münaqişəni aradan qaldırmaq iqtidarında deyillər. Ona görə də müharibənin yenidən başlayacağı təhlükəsi davam edir.Yazıda qeyd edilib ki, ermənilər tərəfindən tez -tez atəşkəs pozulur.

Ermənilərin vəhşiliyindən ABŞ-ın Nyu-York Taymz qəzeti də bəhs edib. Qəzetin yazdığına görə, azərbaycanlı qadın və onun 2 yaşlı nəvəsi Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb. Bir nəfər də yaralanıb. Daha sonra qeyd edilir ki, hadisə böyük neft-qaz boru kəmərlərinin keçdiyi Cənubi Qafqaz Regionunda təhlükəli vəziyyət yaradıb.

ABŞ-ın Vaşinqton Post qəzeti də 2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin qətlinə yer ayırıb. Müəllifin yazdığına görə, azərbaycanlı kəndlilərin ölümü yeni müharibənin yenidən alovlanması təhlükəsinin yaradıb. Məqalədə qeyd edilib ki, uzun illərdir dondurulmuş münaqişə çərçivəsində ən son 2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin qanı axıdılıb. Belə ki, bu həftə onlar cəbhə xəttindəki kəndə edilmiş bombardmanda ölüblər. Məqalədə həmçinin Alxanlı kəndinə əcnəbi jurnalistlərin və attaşelərin səfərinə də yer verilib.

Fransanın nüfuzlu Le Mond qəzetində zorakı hadisə sərt şəkildə tənqid edilib. Materialda qeyd edilir ki, 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi elan olunmamış müharibə zamanı zorakılıq səbəbindən həlak olublar. Müəllif qeyd edir ki, internetdə yayılan şəkillər dəhşətli idi, azyaşlı Zəhra və onun nənəsinin həlak olmasına görə məsuliyyəti birbaşa Ermənistan daşıyır. Bu, Ermənistanın zorakılıq siyasətinin davamıdır. Beynəlxalq təşkilatların hamısı bu faktı təsdiqləyir. Amma Ermənistan cəzasızlıq mühitində beynəlxalq hüququn tələblərinə zidd olaraq hərəkət edir.
Göründüyü kimi, dünyanın aparıcı media qurumlarının erməni vəhşiliyinə reaksiyası həm də Azərbaycanın artan beynəlxalq nüfuzunun, gücünün, haqlı mövqeyinin, öz mənafelərini lazımi şəkildə müdafiə etmək imkanlarının və bacarığının etiraf olunması deməkdir. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:

Erməni təxribatı dünya gündəmində

 


05:36 08.07.2017