KANAL24.AZ
Az Iw En Ru

Millət vəkili AŞPA-da ermənini belə susdurdu

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının iyunun 28-dəki plenar iclası qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin məruzələri dinlənildikdən sonra debatlar başlayıb.

Qənirə Paşayeva debatlarda çıxış edərək Azərbaycan əleyhinə yalanlarla çıxış edən Ermənistan heyətinin üzvünə sərt cavab verib.

Erməni nümayəndəsinə “siz öz işğalçı ölkənizdən danışın” deyən Milli Məclisin deputatı Q.Paşayeva bildirib ki, Avropada qaçqınlara qarşı hücumların artması, hər kəsi ciddi narahat etməlidir. Fiziki zorakılıqla müşayiət olunan hücumlar, əməyin istismarı, insan alveri, cinsi istismar və təcavüzlər, irqçi şüarların və nifrətin alovlandırılması kimi durumlar bütün parlamentariləri ciddi narahat etməlidir ki, insanlığa zidd olan bu kimi hallara qarşı ciddi addımlar atılsın.

“Avropadakı bəzi populist partiyalar və media orqanlarının qaçqın və məcburi köçkünlərə qarşı getdikcə artan irqçi münasibətlərinə son verilməsi üçün onları yekdilliklə qınamalı və bunun qarşısının alınması üçün daha ciddi addımlar atmalıyıq. Azərbaycan dünyada ən çox qaçqın qəbul edən ölkələrdən biridir. Bilirsiniz ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yurdundan didərgin düşüb. İşğalçı Ermənistan bu gün bu köçkünlərin öz vətənlərınə, evlərinə dönməsinə mane olur. 25 il əvvəl ölkəmizin çox ağır durumda olmağına baxmayaraq, on minlərlə Ahıska türkünü də qəbul etdik. Azərbaycan dövləti və xalqı onlara qucaq açdı. Bu gün də müxtəlif bölgələrdən və ölkələrdən gələrək ölkəmizə sığınmış insanlara diqqət və sayğı ilə yanaşırıq. O insanların hansı acılar içərisində bizə pənah gətirdiklərini unutmamalı, onlara dəstək olmalıyıq. Bu baxımdan 3 milyon köçkünə qucaq açaraq onlara dəstək olan və ən çox köçkünün yaşadığı Türkiyəyə buradan təşəkkür etmək istəyirəm”, -deyə Q. Paşayeva bildirib.


03:19 29.06.2017
Xəbər lenti
Bütün xəbərlər