KANAL24.AZ
Az Iw En Ru

Avropa Azərbaycan Məktəbi IB PYP üzrə təhsil verən məktəb statusu qazanıb

Avropa Azərbaycan Məktəbi “Dünya Məktəbi” olaraq Beynəlxalq Bakalavriatın İbtidai Təhsil Proqramı ( IB PYP) üzrə təhsil verən məktəb statusu qazanıb.

 bundan sonra Avropa Azərbaycan Məktəbi IB-nin internet səhifəsi və IBIS (IB İnformasiya Sistemi) sistemində PYP-yə malik olan məktəb kimi göstəriləcək.

IB Proqramı təşkilatının məktəblər üzrə məsul əməkdaşı Endryu Makdonaldın Avropa Azərbaycan Məktəbinin direktoru Qari Krippinə göndərdiyi məktubunda bildirilir: “Məktəbiniz IB Dünya Məktəbi statusuna malik olan qlobal məktəblər şəbəkəsinin bir üzvüdür. Bu məktəblər gələcəyini uğurla təmin edə biləcək, daha ahəngdar və firavan dünya yaratmağa töhfə verən bilikli, qayğıkeş gənclərin yetişdirilməsinə çalışır”.

Məktubda daha sonra qeyd edilir ki, IB Proqramı, həmçinin müəllimlərin peşəkar inkişafına yönəlir və təşkilat məktəbin PYP siniflərində çalışan pedaqoji heyəti IB müəllimlər şəbəkəsinə qəbul etməyə hazırdır. Burada onlar digər ölkələrdən olan müəllimlərlə əməkdaşlıq edə, şagirdlərin öyrədilməsində ən yaxşı təcrübələr tətbiq edən və bu təcrübəni bir-biri ilə bölüşən həmkarlar tapa və qlobal mütəxəssis şəbəkəsinə qoşula biləcəklər.

Məlumat üçün deyək ki, Beynəlxalq Bakalavriat Təşkilatı 1968-ci ildə İsveçrədə təsis edilib. IB diplomunu alan hər bir şəxs dünyanın istənilən ali məktəbinə qəbul imtahanı vermədən daxil ola bilər.

Avropa Azərbaycan Məktəbi 2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilib, yerli və beynəlxalq kurikulum əsasında dünyanın ən qabaqcıl təhsil standartları ilə fəaliyyət göstərən modern təhsil müəssisəsidir. Məktəb 2013-cü ildə dünyada ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatlardan olan Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) üzv qəbul edilib. 2016-cı ildən IB DP (Beynəlxalq Bakalavriatın Diplom Proqramı) üzrə təhsil vermək hüququ qazanıb.


19:50 03.06.2017
Xəbər lenti
Bütün xəbərlər