KANAL24.AZ
Az Iw En Ru

Argentinada keçirilən konfransda Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrdən bəhs edilib

Argentinanın Beynəlxalq Əlaqələr Şurası (CARİ) və La Plata Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutundakı Azərbaycan, Gürcüstan və Türkiyə kafedralarının təşkilatçılığı ilə “Cənubi Qafqazda strateji enerji və nəqliyyat layihələri” mövzusunda konfrans keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən konfransda Azərbaycanın və Türkiyənin Argentinadakı səfirləri Rəşad Aslanov və Meral Barlas, Gürcüstan səfirliyinin müşaviri Ketavani Sabauri çıxış ediblər. Tədbirdə Argentinanın keçmiş diplomatları, siyasi xadimləri, mətbuat nümayəndələri, müxtəlif universitetlərin tələbə və müəllimləri, habelə Xarici İşlər Nazirliyinin rəsmiləri və Argentinadakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.

R.Aslanov ölkəmiz haqqında auditoriyaya geniş məlumat verərək, müstəqilliyinin bərpasından sonrakı ilk illərdə Azərbaycanın üzləşdiyi çətinliklər, 1993-cü ildən sonra ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində sabitliyin əldə olunması, ölkə müstəqilliyinin qorunub saxlanması və regional strateji layihələrin təməlinin qoyulması barədə danışıb. O, həmçinin Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin və uğurlu sosial-iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanın əldə etdiyi inkişaf səviyyəsi, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri haqqında ətraflı məlumat verib, bu layihələrin yalnız region deyil, Avropa və dünya üçün önəm daşıdığını qeyd edib. Bu xüsusda Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP, Bakı-Tbilisi-Qars kimi mühüm layihələrə diqqət çəkən R.Aslanov bu layihələr nəticəsində regionun nail olduğu inkişafdan danışıb.

R.Aslanov çıxışında Ermənistan-Azərbaycan münaqişəsi haqqında da ətraflı məlumat verərək, Ermənistanın təcavüzkar siyasəti nəticəsində regionun önəmli layihələrindən kənarda qaldığını vurğulayıb. O, habelə qeyd olunan layihələrin Azərbaycanı regionun mühüm ölkəsinə və infrastruktur qovşağına çevirdiyini diqqətə çatdırıb. Tədbir iştirakçılarına sözügedən layihələr barədə geniş məlumatları əks etdirən şəkillər, xəritələr, videolar və digər vizual materiallar təqdim edilib.

Daha sonra türk və gürcü diplomatları da çıxış edərək, regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi prosesindən, bu layihələrin öz ölkələri üçün əhəmiyyətindən, habelə təmsil etdikləri ölkələrin Azərbaycanla əlaqələrindən bəhs ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 


18:54 03.06.2017
Xəbər lenti
Bütün xəbərlər