KANAL24.AZ
Az Iw En Ru

İmtahan nəticələri elan edildi

Dövlət İmtahan Mərkəzi martın 18-də ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri və aprelin 16-da eksternat qaydasında keçirilən imtahanda iştirak edən şəxslərin buraxılış imtahanının, həmçinin əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib.

DİM-dən verilən məlumata görə, 18 mart və 16 aprel tarixlərində keçirilən buraxılış imtahanında iştirak etmiş şagirdlər (35815 nəfər) DİM-in internet saytında https://eservices.dim.gov.az/netorta keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Aprelin 16-da ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul imtahanında iştirak edən əvvəlki illərin məzunları isə https://eservices.dim.gov.az/nettex9 keçidinə daxil olaraq “şəxsi kabinet” in istifadəçi adı (FİN kod) və parolundan istifadə etməklə nəticələri ilə tanış ola bilərlər.

Beləliklə, hər bir şəxs öz yazı işi, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarı ilə tanış olmaq imkanına malikdir.

Qeyd edək ki, birinci mərhələdə imtahan iştirakçılarına Azərbaycan dili (rus dili) fənnindən 10 açıq və 10 qapalı tipli, riyaziyyat fənnindən 10 açıq tipli olmaqla, ümumilikdə, 30 test tapşırığı təqdim olunur. İmtahanın birinci mərhələsində Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Balların hesablanması qaydasına görə iştirakçıların Azərbaycan (rus) dili fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı test tapşırıqlarının hər biri 1 balla qiymətləndirilir. Riyaziyyat fənni üzrə isə açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur.

İmtahanların nəticələri ilə bağlı 05 - 09 iyun 2017-ci il tarixində saat 9:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28) Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.


01:20 03.06.2017
Xəbər lenti
Bütün xəbərlər