KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan ərazisinin seysmogen zonalarında tektonik hərəkətlərin tipləri müəyyən edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda “Zəlzələlərin ocaq mexanizmlərinə əsasən Azərbaycanın seysmogen sahələrində tektonik hərəkətlərin tipləri” mövzusu üzrə ümumrespublika elmi seminarı keçirilib.

İnstitutdan  müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov tədbirdə mövzunun əhəmiyyətindən, bu istiqamətdə aparılan müasir tədqiqatların vacibliyindən danışıb. Bildirib ki, respublikanın ərazilərindəki tektonik proseslərin tədqiqi strateji əhəmiyyət daşıyır, xüsusilə neft və qaz istehsalı prosesindəki texniki risklərin azaldılması baxımından olduqca vacibdir. Bunu nəzərə alan alim-geofiziklər bu istiqamətdə böyük səylə tədqiqatlar aparır və önəmli nəticələr əldə edirlər. Seminarın mövzusu bu istiqamətdə olan nəticələrdən bəhs edir.

Sonra Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və geologiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova tərəfindən hazırlanmış məruzə dinlənilib. Məruzəni təqdim edən S.Kazımova bildirib ki, zəlzələlərin ocaq mexanizmləri əsasında Azərbaycan ərazisinin seysmogen zonalarında tektonik hərəkətlərin tipləri müəyyən edilib. Yer qabığının gərginlik və deformasiya sahələrini öyrənmək üçün zəlzələ ocaqlarının mexanizmlərinin və dinamik parametrlərinin qiymətləndirilməsi, onların formalaşma şəraiti və yer qabığının gərginlik sahələrinin analizi aparılıb. Ölkəmizdə 2003-2016-сi illər ərzində 910 zəlzələnin ocaq mexanizmi işlənilib. Azərbaycanın seysmotelemetrik stansiyalarının və ocaq mexanizmlərinin məlumatları, eləcə də əsas gərginlik oxlarının oriyentasiyalarının və gərginlik vəziyyətinin səviyyəsini müəyyən edən Lode-Nadai əmsalı əsasında respublika ərazisinin fərdi seysmogen zonalarının gərginlik-deformasiya vəziyyəti müəyyən edilib.

Ocaqların fokal mexanizmlərinin alınmış nəticələrinin xüsusiyyətlərini təhlil edərkən statistik yanaşmadan (toplu proyeksiyaların vizuallaşması, azimutların və əsas gərginlik oxlarının əyilmə bucaqlarının paylanması) istifadə edilib. Müəyyən olunub ki, gərginlik oxlarının istiqaməti həm zaman, həm də məkan üzrə dəyişkən xarakter daşıyır və bu istiqamət tədqiq olunan regionun tektonik quruluşunun xüsusiyyətləri ilə uzlaşır. Zəlzələ ocaq mexanizmlərinin məlumatları, sıxılma və gərilmə oxları əsasında məlum olub ki, Böyük Qafqaz zonasında sıxılma oxları əsasın CQ-ŞmŞ, Zaqatala-Balakən və Orta Kür çökəkliyi zonasında ŞmQ-CŞ, Aşağı Kür çökəkliyində və Talış bölgəsində ŞmŞ-CQ istiqamətində, Xəzər akvatoriyasında isə ŞmŞ-CQ istiqamətindən ŞmQ-CŞ istiqamətinə qədər yönəlib. Gərilmə oxları isə əks istiqamətlidir. Orta və Aşağı Kür çökəkliklərində və həmsərhəd Xəzər zonasında gərilmə, Şəki, Siyəzən, Şamaxı-İsmayıllı, Şirvan, İmişli və Cəlilabad zonalarında isə sıxılma müşahidə olunur.

Beləliklə, Böyük Qafqazın cənub yamacının Azərbaycan hissəsində üç növ lokal gərginlik sahələri - qırılıb-qalxma, qırılıb-düşmə-yerdəyişmə, soltərəfli horizontal yerdəyişmə aşkar olunub.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.

 

© 

02:48 01.06.2017
Xəbər lenti
Bütün xəbərlər