KANAL24.AZ
Az Iw En Ru

“Huawei” şirkəti azərbaycanlı tələbələr üçün İKT üzrə inkişaf proqramının seçim turuna start verib

Mayın 30-da ADA Universitetində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Çinin “Huawei” şirkəti informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə marağı olan istedadlı gəncləri aşkara çıxarmaq, eləcə də onların bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə “Seeds for the Future” proqramına start verib.

Proqram, tələbələrin İKT bacarıqlarını inkişaf etdirməyə və biliyin ötürülməsi prosesini sürətləndirməyə hədəflənib.

 tədbirdə çıxış edən “Huawei” şirkətinin akkaunt direktoru Çen Lin tələbələrə "Huawei" şirkəti barədə məlumat verib. Qeyd edilib ki, “Huawei”in məqsədi İKT sahəsi üzrə bacarıqlı tələbələrin biliklərini Çində daha da təkmilləşdirmək və Azərbaycan universitetləri ilə əməkdaşlıq edərək yerli İKT təlim proqramları həyata keçirməkdir.

Çen Lin bildirib ki, proqram çərçivəsində mütəxəssislərdən ibarət münsiflər heyəti İKT sahəsində müəyyən biliyə malik ən yaxşı 10 tələbəni seçəcək, daha sonra isə onların Çin Xalq Respublikasına səfəri təşkil ediləcək. Çində iki həftəlik proqramda iştirak hüququ qazananlar Pekinə səyahət və bu ölkənin mədəniyyətini öyrənmək imkanı əldə edəcəklər. Tələbələr, habelə dünyanın nəhəng İT şirkətlərindən biri olan “Huawei”in Şencen şəhərində yerləşən baş ofisində ən son texnoloji yeniliklər barədə məlumat ala biləcəklər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin beynəlxalq departamentinin direktoru Fərid Cəfərov bildirib ki, müsabiqənin ikinci turunda 25 tələbə layihəsini təqdim edəcək. Onların arasından seçilmiş 10 tələbə İKT üzrə təlim kurslarına qatılacaq.

F.Cəfərov qeyd edib ki, bu layihə ötən il Naxçıvan Dövlət Universitetində həyata keçirilib və 6 tələbə təcrübə qazanmaq üçün Çinə göndərilib. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və “Huawei” şirkətinin nümayəndələri ilə aparılmış danışıqlar nəticəsində bu il layihə çərçivəsində daha 10 tələbənin Çinə göndərilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2015-ci ilin dekabrında Prezident İlham Əliyev “Huawei” şirkətinin Pekində yerləşən sərgi mərkəzini ziyarəti zamanı Azərbaycanda İKT-nin inkişafında “Huawei”in həlledici rolu olduğunu qeyd edib.


19:06 30.05.2017
Xəbər lenti
Bütün xəbərlər