KANAL24.AZ
Az Iw En Ru

Kriptoyəhudilər kimdir?

Onlar özlərini elə aparırdılar ki, guya donuz əti yeyirlər. Şənbə günləri işləyirdilər, müqəddəs simvollarını isə evlərinin divarlarında gizlədirdilər. Belmonte (Portuqaliyada şəhər tipli qəsəbə) yəhudiləri bu yolla düz beş əsr öz inanclarını qoruyub saxlaya bilmişlər. Və bu müddət ərzində dünyada yaşayan yeganə yəhudilərin özləri olduğunu düşünmüşlər…

XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki min yəhudi öldürüldü, yüzlərləsi ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar.

Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı. Hazırda bu icmanın yüzdən çox üzvü var.

İcma üzvləri öz xatirələrini belə danışırlar: “Biz heç vaxt öz ənənələrimizə xəyanət etməmişik. Formal olaraq Xristianlığı qəbul etsək də, bağlı qapı-pəncərələr arxasında əcdadlarımızın inancını qorumuşuq. Bizi “marranlar" da adlandırırlar. Ancaq bu termin bizim üçün təhqirdir. Çünki ispan dilindən tərcümədə “marrano” donuz deməkdir.

İspaniyadan qovulduqda əcdadlarımız “ladino” dilində danışırdılar, bu dil ispan və yəhudi dilinin qarışığıdır. Vaxt keçdikcə portuqal dili “ladino”nu sıxışdırdı, ancaq dualarımızda indiyədək o dövrə aid sözlərdən istifadə olunur.

İnkvizisiya qorxusu ilə bir çox adət-ənənəmizdən imtina etməli olduq. Diqqət çəkməmək üçün uşaqları sünnət etmirdik, bir çox dini bayramı keçirmirdik. Hamı bilirdi ki, yəhudiyik və Xristianlığı yeni qəbul etmişik, buna görə də bizə etibar etmirdilər. Həmişə nəzarət altında idik. Yəhudi bayramları yaxınlaşdıqda qonşu xristianlar işləyib-işləməyəcəyimizi bilmək üçün bizi izləyirdilər. Buna görə də, əcdadlarımız daha az əhəmiyyətli bayramlardan imtina etməli oldular, ancaq Pasxa, Yom-Kippur, Sukkot, Purim kimi böyük bayramları bir gün gec və ya tez keçirdirdik. Bu, 1986-cı ilədək, yəni rəsmi olaraq yəhudiliyə qayıtmağımıza qədər belə davam etdi.

Gizli mərasimlərə yalnız ailə üzvləri buraxılırdı. Buna görə də, bizim üçün indinin özündə belə, yəhudi, məsələn, İsraildə yaşayanlar, yalnız qohumlarımız - “özümüzünkülər”dir.

İnkvizisiya dövründə kişilərin əksəriyyəti mərasimlərə qatılmırdı, evin kandarında dayanır və yadların ora daxil olmamasına nəzarət edirdilər. Buna görə də, İudaizm bizdə bir növ matriarxal xarakter daşıyır. Analarımız ələ keçməsin deyə, duaları heç vaxt kağıza köçürmürdülər. Qadınlar yüzlərlə duanı əzbər bilir və indiyədək sözbəsöz öz qızlarına ötürürlər.

Müasir kitablarımız, əsasən, portuqal və ya ivrit dilində, ancaq latın şriftləri ilə yazılıb. Lakin biz ivrit dilini bilmirik. Çox vaxt ravvinin bu dildə söylədiyi müqəddəs mətnləri təkrarlasaq da, onların mənasını başa düşmürük.

Yalnız öz qohumlarımızla evlənirdik. Toylar da gizli keçirilirdi. Bəzən diqqəti yayındırmaq məqsədilə katolik qaydası ilə toy edir, sonra isə bağlı qapılar arxasında yəhudi toyu keçirdirdik.

Ənənəyə görə, hər bir yəhudinin evinin girişində “mezuza” (Toradan müqəddəs mətnlərin yazıldığı lülə halında bükülmüş heyvan dərisi) asılmalıdır. Hazırda Belmontedə bu “mezuza”lar əsasında yəhudilərin hansı evlərdə yaşadığını, hansı mağazaların onlara aid olduğunu bilmək mümkündür. Ancaq dünyaya açılmazdan əvvəl təbii ki, “mezuza”ları gizlətmək məcburiyyətində idik. Biz qapının yanındakı divarda deşik açır və onları orada yad gözlərdən gizlədirdik.

Hər birimizin evində divarda gizli taxça – “heyhal” var idi. Burada biz bayram və dualarda istifadə etdiyimiz müqəddəs əşyaları saxlayırdıq. Bəzi evlərdə hətta arxasında gizli otaqlar olan yalançı divarlar da vardı. Mən uşaq olanda hər Cümə günü axşam bütün ailə Şabat üçün bir yerə toplanırdı. Qapılar arxadan bağlanır, gizli taxça açılaraq müqəddəs əşyalar çıxardılır, çıraq yandırılır və Şabat qarşılanırdı. Hər şey o dərəcədə gizli idi ki, hətta qonşu kriptoyəhudilər belə, “heyhal”ın harada yerləşdiyini bilməyə bilərdilər. Valideynlər yəhudi olmayan dostlarımıza evdəki adət-ənənə barədə danışmağı qadağan etmişdi. Hələ uşaq vaxtından bizə öyrədilmişdi ki, qonşuların ənənələri fərqlidir və öz ənənələrimizi qorumaq üçün onları gizli saxlamalıyıq.

1917-ci ildə - inkvizisiya dövründən bu yana ilk dəfə - icmamız “öz qan qardaşı” ilə ünsiyyətə girə bildi. Babamın qədim yəhudi dilində söylədiyi bir söz təsadüfən Belmontedə geoloq işləyən polşalı Samuel Şvarsın diqqətini çəkir. Məlum olur ki, o da yəhudidir. Bununla da, biz icmamızın dünyadakı yeganə yəhudi icması olmadığını öyrəndik. Lakin bu tanışlığa baxmayaraq, hələ bir neçə on il ərzində sirrimizi açmadıq. Yalnız 1947-ci il Portuqaliya inqilabından, Salazarın faşist rejimi dağıdıldıqdan sonra biz digər yəhudilərlə tədricən əlaqə qurmağa başladıq. Və yalnız 1986-cı ildə əksəriyyətimiz klassik yəhudiliyə geri qayıtdı.

Bizim ənənəvi yeməklərimizdən biri “alheira”dır. O, çörək xəmiri qatılaraq toyuq, dovşan və ya ördək ətindən hazırlanmış kolbasa növüdür. Portuqaliyada yeməklərin əksəriyyətində donuz ətindən istifadə olunur. Buna görə də, guya donuz ətini yediyimizi göstərmək üçün çıxış yolu tapmalı idik. Bunun üçün “alheira”nı hisə verir və onu evimizin qapı-pəncərəsindəm asırdıq ki, xristianlar o tərəf-bu tərəfə keçəndə bizim guya donuz əti yediyimizi və həqiqətən yəhudi ənənələrindən imtina etdiyimizi düşünsünlər. Bu gün “alheira” Portuqaliyada ən məşhur yeməklərdən biridir.

Demək olar ki, Belmontedəki bütün yəhudilərin geyim mağazası var. Onlar kostyum, bölgə üçün ənənəvi olan qış üst geyimləri tikirlər. Çoxları suvenirlər hazırlayırlar. Yerli bayramlar zamanı bazar və yarmarkalara gedir, məhsullarımızı satırıq.

Hər bir yəhudi kimi, Şənbə günü bizim üçün xüsusi gündür. Cümə günü səhər biz Şənbə üçün yemək hazırlayırıq, nahardan sonra mağazaları bağlayır və sinaqoqa gedirik. Sinaqoq öz torpağını ianə vermiş yəhudilərin ərazisində tikilib. 20-25 nəfəri təşkil edən gənclər ənənələrə olduqca sadiqdir. Demək olar ki, icmanın hər bir qız və oğlan üzvü sinaqoqa gəlir. Çoxları İsrailə oxumağa gedib. Bəzi ailələr indiyədək klassik İudaizmə qayıtmayıblar. Onlar hələ də bağlı qapılar arxasında dua edir və sinaqoqa gəlmirlər. Xarici görünüşdən onları digər portuqaliyalılardan ayırmaq mümkün deyil. Yalnız biz bilirik ki, onlar kriptoyəhudidirlər. Bizim üçün onlar yəhudidilər və sinaqoqun qapıları həmişə onların üzünə açıqdır. Ancaq mənə elə gəlir ki, onlar heç vaxt geri qayıtmayacaqlar.

Bizim əcdadlarımız öz inanclarını qorumaq üçün hər cür hiyləyə əl atıblar. Bu gün nə inkvizisiya, nə təqiblər var və biz açıq şəkildə kimliyimizi qoruyaraq yaşamağımıza sevinirik. Bəziləri bizi həddən artıq dərəcədə gizlilikdə günahlandırırlar. Ancaq nə etmək olar, beş əsrlik gizli həyat, şübhəsiz ki, təsirsiz ötüşməyib. İstəyən hər kəsin daxil ola biləcəyi sinaqoqumuzun olmasına baxmayaraq, biz hələ də qapalı icma olaraq qalır və yadları mərasimlərimizə buraxmırıq”.

 Mənbə: “Vokrug sveta”


06:43 12.05.2017