KANAL24.AZ
Az Iw En Ru

Bu hadisə, bu olay hər kəs tərəfindən qınanılmalıdır-Eldəniz Səlimovdan sərt reaksiya

“Valideynlər belə məsələlərdə çox diqqətli olmalıdırlar, övladlarını düzgün təlim-tərbiyə etməlidirlər…”

Kanal24-un xəbərinə görə, bunu millət vəkili Eldəniz Səlimov 14-16 yaşlarındakı məktəblinin iki uşaq anası olan 24 yaşlı qadını bahalı minik avtomobili ilə vuraraq öldürməsinə və cəmiyyətdə bunun çox böyük etiraza səbəb olmasına  münasibətini bildirərkən deyib.

O da sözügedən hadisədən çox dərin təəssüf hissi keçirdiyini və 14-16 yaşlarında olan bir uşağa-yeniyetməyə sükan arxasında əyləşməyə imkan, şərait yaradan valideynlərin, cavabdeh şəxslərin bu addımının yolverilməz, qəbuledilməz olduğunu söyləyib.

Millət vəkilinin sözlərinə görə, çünki heç kimin haqqı yoxdur ki, kimsənin həyatına, bədbəxtliyinə, ölümünə bais, faciəsinə səbəb olsun.

“Bu hadisə, bu olay hər kəs tərəfindən qınanılmalıdır. Bunun bəraəti ola bilməz.  Düzdür, həyatda kimsə nədənsə sığortalanmayıb, amma kimsənin də haqqı yoxdur ki, başqasının həyatını məhv etsin, ailəsini, yaxınlarını  ömürlük göz yaşları içində qoysun. Xüsusilə də, valideynlər belə məsələlərdə çox diqqətli olmalıdırlar, övladlarını düzgün təlim-tərbiyə etməlidirlər. Onlar imkan verməməlidirlər ki, övladları qudurğan, harın böyüsün. Əksinə, elə təlim-tərbiyə verməlidirlər ki, övladları əsl vətəndaş kimi yetişsinlər, ölkənin gələcəyinə, inkişafına töhfə verəcək  insanlar olsunlar. Bu, hamımızın, övlad sahibi olan hər birimizin valideynlik borcudur, valideynlik məsuliyyətidir…”-deyə, E. Səlimov daha sonra qeyd edib.


04:55 06.05.2017
Xəbər lenti
Bütün xəbərlər