KANAL24.AZ
Az Iw En Ru

“Azərbaycan Qadınları” adlı sərgi təqdim edildi- VIDEO+ FOTOLAR

Kanal24.az xəbər verir ki, martın 3-də Milli Elmlər Akademiyasında Yeni Yurd Sosial İnkişaf İctimai Birliyi və akademiyanın Ədəbiyyat institutunun birgə təşkilatşılığı ilə qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə elm xadimləri, ziyalılar, Yeni Yurd təşkilatının üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli tədbir iştirakçılarını salamlayıb. Akademiyanın qadın kollektivini bayram münasibəti ilə səmimi qəlbdən təbrik edən İ. Həbibbəyli onlara uzun ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərində müvəffəqiyyətlər arzulayıb. Vitse-prezident Azərbaycan qadının cəmiyyətdə tutduğu önəmli mövqedən söz açıb. Millət vəkili deyib ki, 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. 

Tədbirdə ideyası Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədovaya məxsus olan Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi qadın siyasətinə həsr edilən “ Zərifliyin Keşiyində- Böyük Dayaq” filmi təqdim olunub. Filmdə ulu öndər Heydər Əliyevin qadınlarla bağlı siyasətində Azərbaycan qadınının yüksək siyasi şüuru və mübariz ruhu, qadınların dövlətimizin və xalqımızın həyatında baş verən bütün taleyüklü proseslərdə yaxından iştirak etməsinə şərait yaradılması ətraflı şərh olunub.

Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün qadınları təbrik etdiyini diqqətə çatdırıb. Təşkilat sədri Azərbaycan qadınlarının ölkə iqtisadiyyatının inkişafında, vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etdiklərini, intellektual potensiallarını əsirgəmədiklərini deyib. Daha sonra akademiyanınvitse-prezidenti İsa Həbibbəyli və Mahirə Əsədova akademiyanın qadın əməkdaşlarına bayram münasibəti ilə gül dəstələri və qiymətli hədiyyələr təqdim ediblər.

Daha sonra Yeni Yurd təşkilatı tərəfindən təşkil olunan “Azərbaycan Qadınları” adlanan sərgiyə baxılıb. Sərgidə müxtəlif zamanlarda ölkəmizin ictimai-siyasi, mədəni həyatında önəmli yer tutan qadınların fotoları göstərilib.

Tədbirin sonunda Yeni Yurd təşkilatı tərəfindən qadınların şərəfinə ziyafət verilib.

Xatırladaq ki, tədbirlə bağlı video reportajı tezliklə Kanal24.az İnternet Tv-dən izləyə biləcəksiniz!

 


02:21 04.03.2015
Xəbər lenti
Bütün xəbərlər