KANAL24.AZ
Az Iw En Ru

BP Azərbaycanla razılaşmanı 2050-yə qədər uzadır

Azərbaycan BP üçün vacib və əsas regiondur.

Bunu “Petrolium İntelligens Vikli” nəşrinə müsahibəsində BP-nin baş direktoru Bob Dadli söyləyib.

“Bu region BP üçün bir neçə səbəb ucbatından əsas regiondur. Birincisi, biz bütün tərəfdaşlarımız adından “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi haqda müqavilənin 2050-ci ilə qədər uzadılması ilə bağlı məktuba imza atmışıq. Bu il biz bu müqavilənin bütün detallarını işləyəcəyik. Bu, çox vacib göstəricidir.

İkincisi, Azərbaycanın böyük qaz yatağı olan “Şahdəniz” layihəsinin işlənilməsi layihəsi reallaşdırılır. Bu isə hətta qazın indiki qiymətlərində də iqtisadi baxımdan sərfəlidir. Layihənin reallaşdırılması cədvəli qabaqlayır. Hazırda Türkiyə və Yunanıstanla iş aparılır. Bu, büdcə çərçivəsində reallaşdırılır ki, bu da bizim iqtisadiyyatımıza təsir edir. Üstəlik, BP Xəzərdə böyük həcmdə kəşfiyyat işləri aparır. Mən əminəm ki, “Azəri-Çıraq-Günəşli” ilə bağlı müqavilənin uzadılması yaxın zamanlarda yekunlaşacaq. Mövcud müqavilənin zamanı 2024-cü ildə baş çatır, lakin heç kim istəmir ki, işin aktivliyi bu müqavilə müddətinin sonuna qədər düşsün. Mən ümid edirəm ki, tərəfdaşlar SOCAR-la müqavilənin uzadılması ilə bağlı razılaşacaqlar. Bu, Azərbaycan hökuməti tərəfindən uzaqgörən addım olardı”, – deyə o bildirib.

Qeyd edək ki, Azəri-Çıraq-Günəşli yatağı ilə bağlı müqavilə 1994-cü ildə imzalanıb. Bu yatağın ehtiyatı 1 milyard ton hesab edilir. Yatağın işlənilməsində BP 35,78%, “Şevron” 11,28%, “İnpeks” 10,96%, AzACG 11,65%, “Statoil” 8,55%, “Ekson” 8%, TPAO 6,75%, “İtoçu” 4,3%, ONGC 2,72% paya sahibdir.


18:35 01.04.2017
Xəbər lenti
Bütün xəbərlər