KANAL24.AZ
Az Iw En Ru

Falçıya getməyin, polisə müraciət edin

Bu gün cəmiyyətimizdə falçılığın nə qədər geniş yayıldığı hər kəsə məlumdur. Bu niyə belə olur? Nəyə görə insanlar qarşılaşdıqları problemin həllini doğru istiqamətdə deyil, dolaylı yollarda axtarırlar? Nəyə görə soydaşlarımız Allah-Taalanın verdiyi ağıl və iradə kimi iki mühüm gücü işlətmir, sağda-solda özünü ovutmaq, aldatmaq üçün yalan təsəlli axtarır? Bu istiqamətdə suallar da çoxdur, cavablar da. Amma ən qısa çəkildə belə ifadə eləmək olar ki, bütün bunların ilk səbəbi iman zəifliyidir. Çünki sidq ürəkdən Allaha inanan insan başına gələnlərin onun üçün bir imtahan vasitəsi olduğuna inanır və real vəziyyətdə ən doğru olan seçim nədirsə, onu axtarır.

Fal nədir? - Gələcəkdə nə baş verəcəyini öyrənmək istəyinin doğurduğu yalan toplusu. halbuki, Allah-Taala uca kitabımız Qurani-Kərimdə bildirir ki, "Qeybin açarları Allahın yanındadır. Başqası onu bilə bilməz." (Ənam surəsi- 59)

Başqa bir ayədə belə buyurulur:

"De ki: Allahdan başqa nə göylərdə, nə də yerdə heç kimsə qeybi bilməz." (Nəml surəsi - 65)

Və ya:

"De ki: Mən sizə, "Allahın xəzinələri mənim yanımdadır" və ya "mən qeybi bilirəm" demirəm. Mən ancaq mənə vəhy olunana əməl edirəm" (Ənam surəsi- 50)

Məsələ bu qədər açıq-aydın olduğu halda insanımız hələ də faldan, falçıdan mədəd umursa, demək onun inancında ciddi problem var. Biz indi kimə inanaq, Allah-Taalaya, ya hansısa falçıya. Bax, insanın seçimi də elə bu nöqtədə özünü göstərir.

Bu gün falçılığın geniş bölümləri, müxtəlif adları, böyük iqtisadi maraqları var. Halbuki, insanın marağını, duyğularını falçılıq qədər istismar edən ikinci bir sahə yoxdur, desək, yanılmarıq. Bəli, birmənalı şəkildə deməliyik ki, falçılıq dinə zidd anlayışdır, İslamla daban-dabana zidd düşüncədir.

Sevimli Peyğəmbərimizdən (Allahın salamı Onun üzərinə olsun!) qiyamət haqqında soruşurlar və O, bu haqda heç bir şey deyə bilmədiyini söyləyir və əlavə edir ki, ancaq Allah-Taalanın Ona bildirdiyindən artıq bir şey bilmir.

Bəziləri iddia edirlər ki, cinlər onlara gələcəkdən xəbər verirlər. Tamamilə yalan sözdür. Yuxarıda göstərdiyimiz ayələr bu iddianı birmənalı şəkildə rədd edir. Digər tərəfdən Quranda Süleymən peyğəmbərlə bağlı qissədə cinlərin gələcək bir yana qalsın, mövcud anı belə bilmədikləri söylənir. Belə ki, Süleyman Peyğəmbərin əsasına söykənib baxdığını düşünən cinlər dayanmadan çalışır və məscidin inşasını tamamlayırlar. Ancaq Süleyman peyğəmbər yıxılandan sonda yaxınlaşıb onun çoxdan Haqqın rəhmətinə qovuşmuş olduğunu öyrənirlər.

Cinlərin keçmişlə bağlı bəzi məlumat verdiklərini söyləyənlər də var. Bu mövzuda alimlər müxtəlif fikirlər irəli sürürlər. Bəli, biz cinləri görməsək də, onlar bizi görürlər və bəzi qaranlıq hadisələrə şahid olurlar. Ola bilsin ki, onlar təmasda olduqları insanların qulağına bəzi şeyləri pıçıldaya bilərlər, amma onlara hər zaman güvənmək olmaz. Heç kim zəmanət verməz ki, cinlər hər zaman doğrunu söyləyirlər. Bu sahədən xəbərdar olan alimlər yazırlar ki, insanlarla daha çox kafir cinlər, yəni şeytanlar təmasda olurlar ki, onlar da insanı ələ almaq, onu istədiyi kimi yönəltmək, dindən çıxarmaq üçün çalışırlar. Yəni əgər sizin bir şeyiniz itibsə, cindar yanına getməyin, polisə müraciət edin.

İndi efirlərdə belə falçı yanına gedənlər bu əməllərini gizləmirlər. Bu, günahdır, Allaha qarşı olmaqdır, daha bundan böyük günahmı axtarırsınız? Ona görə də tövbə eləmək, bir daha bu cür əməllərlə məşğul olmamaq lazımdır. Bəli, biz günahkar qullarıq, amma Allahımız da mərhəmətlidir, bağışlayandır, tövbələri qəbul edəndir. Ona görə də gərək həç zaman Onun mərhəmətindən ümidimizi kəsməyək, tövbə edək ki, günahlarımızı bağışlasın, həm də içimizdən gələn, ən səmimi, ən duru duyğularımızla tövbə edək.

 

Halına şükr etmək

Bir nəfər kor Rəsulullahın (s.ə.s.) yanına gəlir və:

- Ey Allahın Rəsulu, dua elə gözlərim açılsın, - deyir. Allah Rəsulu isə:

- Sənin bu halına şükr edərək yaşamağın sənin üçün daha xeyirlidir, - cavabını verir. Adam israr etdikdən sonra Rəsulullah dua edir və onun gözləri açılır. Amma Rəsulullahın söylədiyinin daha doğru olduğuna kimsə şübhə eləməz. Çünki onun həyatı bu cür təslimiyyət mənzərələri ilə dolu idi.

Həzrəti Fatimədən (r.a.) başqa bütün övladlarını öz əli ilə dəfn elədi. Amma bir dəfə də "Allahım, bu körpəmi mənə bağışla" deyə dua eləmədi. O, təslimiyyətin misilsiz örnəyidir. Həyatının hər anı, hər addımı duadır.

İbrət dolu bir söhbət

Bu da keçər

Bir padşah varmış. Özü də çox duyğulu, tez dolub-boşalan adam imiş. Sevinəndə dəli kimi sevinər, üzüləndə də ölürmüş kimi dərdə-qəmə batarmış. Bu padşah bir gün məmləkətə car çəkir ki, onu bu zəifliyindən hansı loğman, hansı təbib ondan bilsə, həmin adamı dünya malından qane edəcək. Kim bu işə girişər ki? Təbib-loğman canından bezməyib ki? Nəhayət, dünyagörmüş, saçı-saqqalı dümağ bir dədə gəlir padşahın yanına və deyir:

- Ay oğul, dərddən qurtarmağın birinci işi onu olduğu kimi qəbul eləməkdir. Sənin məsələn elədir ki, bunu nə dava-dərmanla, nə də türkəçara ilə düzəltmək mümkündür. Amma sənə bir tövsüyəm var. Bir üzük düzəltdir. Qaşına da belə yazdır: "Bu da keçər" Sevinəndə də, üzüləndə də ona bax və düşün.

Piri-fani bu sözü deyib gedir. Padşah onun dediyi kimi bir üzük düzəltdirir, üstünə də "Bu da keçər" yazdırıb, barmağına keçirir. Xoş anında da ona baxır, üzüləndə də. Sevincindən şaqqanaq çəkib gülmək istəyəndə üzüyə yazdırdığı sözə baxıb kiriyir, dərddən ağlamaq ərəfəsinə gələndə də üzüyə baxıb təsəlli tapır. Amma deyirlər ki, padşah mükafatlandırmaq üçün o qocanı nə qədər axtarsa da o nişanda, o görüntüdə birisini gördüyünü deyən tapılmır.


01:59 26.03.2017
Xəbər lenti
Bütün xəbərlər