KANAL24.AZ
Az Iw En Ru

“Xocalı qisasa çağırır bizi”- VİDEO + FOTOLAR

Kanal24.az xəbər verir ki, fevralın 20-də “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçılığı ilə 95 saylı tam orta məktəbdə xocalı soyqırımının qurbanları anılıb.

“Xocalı qisasa çağırır bizi” adlı anım gecəsində erməni silahlıları tərəfindən qətlə yetirilmiş uşaqların fotolarından ibarət “Onlar heç vaxt böyüməyəcək”adlı foto sərgi təşkil olunub.

95 saylı orta məktəbin direktoru Fuad Babayev çıxış edərək Xocalı Soyqırımının xalqımızın qan yaddaşında mühüm səhifə olduğunu bildirdi. O, rəhbərlik etdiyi təhsil müəssəsində təşkil olunan tədbirin də şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi üçün mühüm hadisə kimi qiymətləndirdi.

Anım mərasimində çıxış edən “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova deyib ki, Xocalı Soyqırımı  zamanı erməni quldurlarının vəhşicəsinə qətlə yetirdiyi günahsız insanlar ermənilərin insanlığa qarşı törətdiyi cinayətkarlığın qurbanlarıdır: "Xocalıda ermənilərin işgəncələr və amansızlıqla həyatına son qoyduğu ömrü yarıda kəsilən günahsız  uşaqların hər birinin ailəsinin yanındayıq.  Həmin uşaqların fotolarından ibarət sərgini təşkil etməklə onların unudulmadığını göstərməyə çalışmışıq".

 “Xocalı Soyqırımını Tanıtma ” ictimai birliyinin sədri Şamil Sabiroğlu Xocalıyla bağlı xatirələrdən danışıb. Təşkilat sədri Xocalı Soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının vacib olduğunu vurğuladı.

Xətai rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva çıxış edərək soyqırım qurbanlarının xatirəsinin hər zaman əziz tutulduğunu bildirib. O qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllifi olduğu “Xocalıya Ədalət” kompaniyası ölkəmizin beynəlxalq səviyyədə haqq səsinin çatdırımasında mühüm rol oynayır.

Milli Elmlər Akademiyasının Ədəbiyyat instutunun dosenti Mərziyyə xanım bildirib ki, Xocalı Soyqırım qurbanları heç zaman unudulmayacaq.

Anım mərasimində məktəblilərin hazırladıqları səhnəciklər göstərilib.

Tanınmış müğənni Sami Salamın ifasında mahnı səsləndirilib.

“Xocalı qisasa çağırır bizi” adlı anım mərasimində "Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyi və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi tərəfindən şagirdlərə diplomlar təqdim edilib.

Tədbirin sonunda xatirə şəkli çəkdirildi.


23:11 20.02.2015
Xəbər lenti
Bütün xəbərlər