KANAL24.AZ
Az Iw En Ru

Depressiya intihara aparır: nə etməli?

Tənhalıq depressiyaya, depressiya isə intihara səbəb olur.

Bunu  psixoloq Vəfa Əkbər depressiyaya səbəb olan amillərdən danışarkən deyib. Onun sözlərinə görə, depressiya daha çox özünə qapanma, tənhalıq və çarəsizlik hissindən yaranır. Bu zaman insan həyatda heç kimə lazım olmadığını düşünür və nəticədə depressiya ilə üzləşir.

“Kişilər qadınlarla müqayisədə depressiyanı kəskin şəkildə keçirir. Çünki onlar uğursuzluğu, müəyyən bacarıqsızlığı, əldə edə bilmədikləri hər hansı nəaliyyəti özlərinə heç cür bağışlaya bilmirlər. Buna görə də intihar, özünəqapanma kişilərdə daha çox baş verir. Kişilərdə intihara təşəbbüs halları az, intihar isə çox olur. Qadınlarda isə bu, xroniki formaya çevrilir. Yəni qadın kiçik bir ailə münaqişəsindən, övladının bacarıqsızlığından, uğursuzluğundan da depressiyaya düşə bilər. Bu insanlar əsəbi olur, hər şeyə kəskin reaksiya verir, kimisə dinləmək istəmir və öyüd-nəsihətlərdən uzaq olmağa çalışırlar. Depressiya halına bu cür valideynlərin uşaqlarında da çox rast gəlinir. Bu halda uşaqlar özünə qapanır, sevdikləri oyun məkanına getmir, sevimli cizgi filminə baxmaq istəmir, sevimli oyuncağı ilə oynamır və sair. Bəzən insanlar özlərini uğurlu insalarla müqayisə edir. Bu, səhv addımdır. Əslində, insan özünü öz keçmişi ilə müqayisə etməlidir. Öz-özünə sual verməlidir: iki gün əvvəl necə idim, indi necəyəm və necə olmaq istəyirəm? Bu suallara cavab tapan şəxs üçün depressiya hallarından çıxmaq daha asan olur. Bundan əlavə, doğmalarla daha sıx ünsiyyət qurmaqla, sosial çevrəni genişləndirməklə, iş kollektivi ilə münasibətləri artırmaqla da depressiyadan çıxmaq mümkündür. Depressiya ən çox on dörd gün davam edir. Bu vaxt ərzində depressiyadan çıxa bilməyən insan mütləq psixoloqa müraciət etməlidir”.

Qeyd edək ki, araşdırmalar zamanı məlum olub ki, hazırda hər 100 kişidən 10-u və hər 100 qadından 20-si depressiyadan əziyyət çəkir.


18:41 08.03.2017
Xəbər lenti
Bütün xəbərlər